YAP Səbail rayon təşkilatı 5 Oktyabr – Müəllimlər Günü ilə bağlı tədbir keçirib

5 Oktyabr 2026 14:48 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı tərəfindən 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

SİA xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, müəllimlər, təhsil işçiləri, elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev açıq elan edib. O, çıxışında 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününün əhəmiyyətindən danışaraq, müəllim əməyinin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında xüsusi rol oynadığını vurğulayıb.

Qeyd olunub ki, müəllim yalnız şagirdə bilik və bacarıqlar aşılayan şəxs deyil, eyni zamanda gənc nəslin dünyagörüşünün, milli-mənəvi dəyərlərinin və vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayan şəxsdir. Bu baxımdan müəllim peşəsi hər zaman böyük məsuliyyət və yüksək mənəvi missiya daşıyıb.

Çıxışlarda Azərbaycanda təhsil sahəsinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasında təhsilin inkişafına xüsusi önəm verilib. Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə də ölkədə təhsilin maddi-texniki bazasının gücləndirilməsi, yeni məktəblərin tikilməsi, mövcud təhsil müəssisələrinin müasir standartlara uyğunlaşdırılması və təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Çıxış edən müəllim və elm xadimləri də müəllim peşəsinin cəmiyyətdəki rolundan, təhsil sahəsində əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Bildirilib ki, müasir dövrdə müəllimdən yalnız yüksək peşəkarlıq deyil, eyni zamanda daim yenilənən biliklərə yiyələnmək, müasir texnologiyalardan və innovativ tədris metodlarından istifadə etmək bacarığı tələb olunur.

Tədbirdə müəllimlərin fəaliyyəti yüksək qiymətləndirilib, onların gələcək fəaliyyətində uğurlar arzulanıb və peşə bayramları münasibətilə təbriklər çatdırılıb.

Müəllimlərə və təhsil işçilərinə təşəkkür ifadə olunub, onların cəmiyyətin intellektual və mənəvi inkişafında mühüm rol oynadığı vurğulanıb.