Müasir cəmiyyətdə və dövlət idarəçiliyində qadınların fəal iştirakı dövlətin inkişafı, demokratik cəmiyyətin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda qadınların ictimai-siyasi həyatda fəal iştirakı bu istiqamətdə əldə olunan mühüm nailiyyətlərdən biridir.
SİA xəbər verir ki, bu fikirləri Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov “Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
O qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva müasir, savadlı, fəal və vətənpərvər Azərbaycan qadınının parlaq nümunəsidir. “O, yalnız Azərbaycan üçün deyil, onun hüdudlarından kənarda da müasir Azərbaycan qadınının parlaq nümunəsinə çevrilib”, – deyə diplomat bildirib.
Bahrom Aşrafxanov Milli Məclisin qadın deputatlarının fəaliyyətini də yüksək qiymətləndirib. “Onların fəallığı, peşəkarlığı və ölkənin inkişafına verdikləri töhfə böyük hörmətə və diqqətə layiqdir”, – deyə səfir vurğulayıb.
O, Azərbaycan ilə Özbəkistanı qədim tarixi və mədəni əlaqələrin birləşdirdiyini vurğulayıb. “Hazırda iki ölkə arasında münasibətlər, o cümlədən parlamentlərarası əlaqələr müxtəlif sahələrdə fəal inkişaf edir. Azərbaycan və Özbəkistan arasında qadın parlamentarilər, profil komitələri və ekspertlər səviyyəsində təcrübə mübadiləsinin davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, bu sahədə bir-birimizdən öyrənə biləcəyimiz çox şey var”, – deyə Bahrom Aşrafxanov qeyd edib.