Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqinin əsas tezislərinə həsr olunmuş analitik məqaləsi nüfuzlu “EU Reporter” nəşrində dərc olunub.
SİA xəbər verir ki, “Güc vasitəsilə sülh: Prezident İlham Əliyevin çıxışı və Azərbaycanın təhlükəsizlik prioritetləri” başlıqlı təhlildə dövlətimizin başçısının çıxışının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra qarşıda duran əsas strateji vəzifələrə dair mühüm mesajlar ehtiva etdiyi vurğulanır.
Məqalədə qeyd olunur ki, çıxışın əsas xətti Azərbaycanın əldə etdiyi qələbədən sonra sülhə nail olmaq, eyni zamanda, ölkənin təhlükəsizliyini və suverenliyini qorumaq üçün güclü dövlət və müdafiə imkanlarına malik olması təşkil edir. Təhlildə Azərbaycanın 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, bu prosesin mürəkkəb geosiyasi şəraitdə baş verməsi diqqətə çatdırılır.
Analitik yazıda Azərbaycanın gələcək prioritetləri sırasında təhlükəsizliyin təmin edilməsi, müstəqil xarici siyasətin davam etdirilməsi, iqtisadi və maliyyə sabitliyinin qorunması, enerji və nəqliyyat layihələrinin inkişafı, sosial siyasətin gücləndirilməsi və Böyük Qayıdış prosesinin davam etdirilməsi xüsusi qeyd olunur. Eyni zamanda, Azərbaycanın müdafiə və təhlükəsizlik imkanlarını gücləndirməsinin çəkindirmə siyasətinin tərkib hissəsi olduğu bildirilir.
Məqalədə Azərbaycanın çoxşaxəli xarici siyasəti, müxtəlif dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlığı, enerji və nəqliyyat sahəsində artan geoiqtisadi əhəmiyyəti də təhlil edilir. Bununla yanaşı, iqtisadiyyatın şaxələndirilməsi və karbohidrogenlərdən asılılığın azaldılması qarşıdakı əsas çağırışlardan biri kimi göstərilir.
Təhlilin digər mühüm hissəsi Azərbaycanın dünyəvi dövlət modelinin qorunmasına həsr olunub. Burada ideoloji təhlükələr, dezinformasiya və xaricdən yayılan radikal dini təsirlərlə mübarizədə təhsil, milli dəyərlər və cəmiyyətin dayanıqlılığının əhəmiyyəti vurğulanır. Məqalədə Azərbaycanın dini və məzhəbi müxtəlifliyin birgəyaşayışına əsaslanan multikultural modelinə də diqqət çəkilir.
Yekun hissədə Azərbaycanın bərpa etdiyi suverenlik və ərazi bütövlüyünün qorunması davamlı dövlət siyasəti tələb etdiyi vurğulanır. Həmçinin Azərbaycanın sülhə nail olmaq məqsədilə danışıqları davam etdirməklə yanaşı, regional və qlobal qeyri-sabitlik şəraitində öz təhlükəsizliyini, müstəqil xarici siyasətini və dünyəvi kimliyini qorumağa xüsusi önəm verdiyi diqqətə çatdırılıb.