Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

5 Oktyabr 2026 12:43 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib. SİA rəsmi mənbələrə istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Ölkələrimiz arasında dost və qardaş münasibətlərin olduğunu deyən dövlətimizin başçısı iqtisadi əməkdaşlığı siyasi əlaqələrin səviyyəsinə çatdırmağın, həmçinin enerji, sərmayələr, turizm və digər sahələrdə tərəfdaşlığı genişləndirməyin, çox fəal siyasi dialoqu davam etdirməyin vacibliyinə toxunub. Prezident İlham Əliyev bu xüsusda müxtəlifsəviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin rolunu qeyd edib.

Azərbaycan Prezidenti səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin və Baş nazir Ənvər İbrahimin salamlarını, eyni zamanda, Malayziyaya səfərə dəvətlərini dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Malayziya Kralı və Baş nazirinə çatdırmağı xahiş edib. Dövlətimizin başçısı, həmçinin dəvətə görə təşəkkür edərək, onu məmnunluqla qəbul etdiyini vurğulayıb. Prezident İlham Əliyev öz növbəsində Malayziya Kralını və Baş nazirini Azərbaycana səfərə dəvət edib.

Səfir uzun illər ərzində ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyərək, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylə çalışacağını bildirib.

Söhbət zamanı əlaqələrimizin perspektivlərinə dair fikir mübadiləsi aparıldı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyinin əhəmiyyəti vurğulanıb.

Turizm sahəsində əməkdaşlıq, o cümlədən turizmin təşviqi üçün qarşılıqlı şəkildə viza tələbinin aradan qaldırılması, Azərbaycanla Malayziya arasında birbaşa hava əlaqəsinin yaradılması ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdə, həmçinin təhsil sahəsində əlaqələrə toxunularaq, azərbaycanlı tələbələrin Malayziyada, Malayziyadan olan tələbələrin isə Azərbaycan dövlətinin təqdim etdiyi təqaüd proqramları əsasında ölkəmizdə təhsil aldıqları qeyd edilib.