"Psixoloq olaraq təcrübəmdə müşahidə etdiyim əsas məqamlardan biri budur ki, münasibətlər çox zaman böyük bir hadisə nəticəsində deyil, kiçik, lakin davamlı ünsiyyət səhvlərinin yığılması nəticəsində zədələnir. İnsanlar bir-birini sevməyə davam edə bilərlər, amma bir-birini eşitməyi və anlamağı itirdikdə münasibətdə emosional məsafə yaranmağa başlayır". Bu fikirləri SİA-ya açıqlamasında PRİM Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Almara Məlikova söyləyib.
Onun sözlərinə görə, ailə və cütlük psixologiyasında John Gottmanın uzunmüddətli araşdırmalarında münasibətlər üçün xüsusilə dağıdıcı olan dörd ünsiyyət davranışı vurğulanır: tənqid, hörmətsizlik, müdafiə mövqeyi və ünsiyyətdən emosional şəkildə çəkilmək. Bunlar zamanla tərəflərin bir-birinin yanında özünü təhlükəsiz və dəyərli hiss etməsini zəiflədir:
"Mənim müşahidələrimə görə, ən çox rast gəlinən səhvlərdən biri problemi deyil, şəxsiyyəti hədəfə almaqdır. “Bu davranışın məni incitdi” demək əvəzinə “Sən həmişə beləsən”, “Səndən heç vaxt adam olmaz”, “Sən məni heç vaxt anlamırsan” kimi ifadələr işlədilir. Bu zaman qarşı tərəf problemi həll etməyə deyil, özünü müdafiə etməyə başlayır.
Digər ciddi problem dinləmədən cavab verməkdir. Bəzən tərəflərdən biri danışarkən digəri onu anlamağa deyil, öz arqumentini hazırlamağa çalışır. Halbuki sağlam ünsiyyətdə insanın əsas ehtiyaclarından biri yalnız eşidilmək deyil, anlaşıldığını hiss etməkdir.
Münasibətləri səssiz şəkildə zədələyən başqa bir davranış isə incikliyi danışmamaq, susmaq və qarşı tərəfin “özü başa düşməsini” gözləməkdir. İnsanlar bir-birinin düşüncəsini oxuya bilməz. İfadə edilməyən ehtiyac zamanla gözləntiyə, gözlənti məyusluğa, məyusluq isə incikliyə çevrilə bilər.
Hörmətsiz danışıq, istehza, alçaltma, müqayisə etmək və keçmiş səhvləri hər mübahisədə yenidən gündəmə gətirmək də münasibətin emosional dayaqlarını zəiflədir. Xüsusilə “filankəsin həyat yoldaşı belə edir, sən niyə etmirsən?” tipli müqayisələr insanın dəyər hissinə toxunur və yaxınlıq əvəzinə rəqabət yaradır.
Bir başqa mühüm səhv isə hər mübahisəni qalib-məğlub prinsipi ilə aparmaqdır. Cütlük münasibətində məqsəd kimin haqlı olduğunu sübut etmək deyil. Çünki tərəflərdən biri hər dəfə “qalib” gəlirsə, münasibətin özü uduza bilər. Sağlam münasibətdə əsas sual “Kim haqlıdır?” deyil, “Biz bu problemi birlikdə necə həll edə bilərik?” olmalıdır.
Bəzən isə münasibətdə ünsiyyət yalnız məişət məsələlərinə çevrilir: uşaqlar, pul, ev, iş, öhdəliklər… Tərəflər danışırlar, amma artıq bir-birləri haqqında danışmırlar. “Necəsən?”, “Son zamanlar səni nə yorur?”, “Məndən nə gözləyirsən?”, “Səni necə daha yaxşı anlaya bilərəm?” kimi suallar azaldıqca emosional yaxınlıq da zəifləyə bilər.
Mən həmişə vurğulayıram ki, sağlam münasibət mübahisənin olmadığı münasibət deyil. Sağlam münasibət mübahisə zamanı belə hörmətin qorunduğu münasibətdir. Fikir ayrılığı normaldır; təhqir, alçaltma, qorxutma və davamlı hörmətsizlik isə normal ünsiyyət forması deyil.
Cütlüklər bir-birinə qarşı deyil, problemin qarşısında yan-yana dayanmağı öyrəndikdə münasibət daha dayanıqlı olur. Bəzən bir cümlənin formasını dəyişmək belə münasibətin istiqamətini dəyişə bilir: “Sən mənə vaxt ayırmırsan” əvəzinə “Səninlə daha çox vaxt keçirməyə ehtiyacım var” demək kimi.
Çünki münasibətləri qoruyan yalnız sevgi deyil. Sevginin necə ifadə edildiyi, insanın necə dinlənildiyi, fikir ayrılığında necə davranıldığı və ən əsası, tərəflərin bir-birinin qəlbində yaratdığı təhlükəsizlik hissidir".