Braziliyada bazar günü keçiriləcək prezident seçkisində hazırkı dövlət başçısı, solçu Luiz İnasio Lula da Silva sağçı Flavio Bolsonaro da daxil olmaqla 11 namizədlə mübarizə aparacaq.
Dörd il əvvəl Lula Flavio Bolsonaronun atası, keçmiş prezident Jair Bolsonaroya qalib gəlib. Jair Bolsonaro hazırkı seçkidə iştirak etmir. O, 2022-ci il seçkisində məğlubiyyətindən sonra dövlət çevrilişi planlaşdırmaqda təqsirli bilinərək 27 il müddətinə azadlıqdan məhrum edilib. Səhhəti ilə bağlı problemlərə görə hazırda ev dustaqlığındadır və sosial mediada paylaşım etməsi, eləcə də ictimai açıqlamalar verməsi məhdudlaşdırılıb.
Buna baxmayaraq, Jair Bolsonaronun seçkidə təsiri qalır. Flavio Bolsonaronun kampaniyasının təqdimatı zamanı atasının süni intellektlə hazırlanmış görüntüsü onun namizədliyini dəstəkləyib. Jair Bolsonaronun vəkilləri bu görüntünün istifadəsinə icazə verildiyini təkzib etsələr də, Flavio Bolsonaronun atasının dəstəyinə malik olduğu bildirilir.
Prezidentliyə 12 namizəd olsa da, rəy sorğularında yalnız Lula və Flavio Bolsonaro 10 faizdən yüksək nəticə göstərir. BBC Brasil-in sorğu göstəricilərinə əsasən, hər iki namizəd təxminən 40 faiz dəstəyə malikdir və Lula cüzi üstünlüklə öndədir. Digər namizədlərin hər biri 4 faiz və ya daha az səs toplayır.
Namizədlərdən heç biri oktyabrın 4-də keçiriləcək ilk turda etibarlı səslərin 50 faizini əldə etməsə, ən çox səs toplayan iki namizəd oktyabrın 25-də keçiriləcək ikinci tura çıxacaq. Sorğular ikinci turun keçiriləcəyini göstərsə də, seçicilərin bir hissəsinin hələ qərar verməməsi səbəbindən ilk turda qalibin müəyyənləşməsi də istisna edilmir.
Səsvermədə 16 yaşdan yuxarı braziliyalılar iştirak edə bilər. Savadlı və 18-70 yaş aralığında olan vətəndaşlar üçün səsvermə məcburidir. Seçkidə təxminən 160 milyon insanın səs vermək hüququ var.
Lula bu seçkidə İşçilər Partiyasından namizədliyini irəli sürüb. 80 yaşlı siyasətçi daha əvvəl 2003-2010-cu illərdə iki dəfə prezident olub və milyonlarla insanın yoxsulluqdan çıxmasına kömək edən “Bolsa Família” sosial yardım proqramı ilə yadda qalıb. O, 2018-2019-cu illərdə korrupsiya və çirkli pulların yuyulması ittihamları ilə 18 aydan çox həbsdə qalıb, lakin həmin hökmlər 2021-ci ildə ləğv edilib. Lula 2022-ci ildə Jair Bolsonaroya 1,8 faiz fərqlə qalib gəlib.
Lula üçüncü prezidentlik müddətinin sonuncu olacağını bildirsə də, partiyası bu il onu yenidən namizəd göstərib. Amazon meşələrinin qorunması ilə bağlı mövqeyi tərəfdarları tərəfindən yüksək qiymətləndirilsə də, onun Amazon çayının mənsəbi yaxınlığında dənizdə neft kəşfiyyatına dəstək verməsi ekoloqlar tərəfindən tənqid olunur. Lula isə neft gəlirlərinin ölkənin təmiz enerjiyə keçidini maliyyələşdirmək üçün vacib olduğunu və uzunmüddətli perspektivdə qalıq yanacaqlardan imtina etməyə sadiq qaldığını bildirir.