“4 Oktyabr – Cəbrayıl Şəhəri Günü Azərbaycan xalqının tarixində böyük qürur və Zəfər hissi ilə qeyd olunan əlamətdar günlərdəndir”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2020-ci il oktyabrın 4-də Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonun bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsi 27 illik həsrətə son qoydu:
”Bu Zəfər Azərbaycan xalqının tarixi torpaqlarına qayıdışının və ərazi bütövlüyümüzün bərpası yolunda mühüm mərhələ oldu.
Cəbrayıl rayonunun 1993-cü il avqustun 23-də işğal olunması nəticəsində şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimizə ciddi ziyan vuruldu, on minlərlə soydaşımız doğma yurdlarından məcburi köçkün düşdü. İşğal illərində Ermənistan tərəfindən həyata keçirilən vandalizm nəticəsində məscidlər, türbələr, qəbiristanlıqlar və digər tarixi-mədəni irs nümunələri dağıdıldı. Bu yaşayış məntəqələri ilə yanaşı, həmdə xalqımızın çoxəsrlik tarixi yaddaşının məhv edilməsinə yönəlmiş siyasətin göstəricisi idi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayıl istiqamətində əldə olunan uğurlar Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını və peşəkarlığını bir daha nümayiş etdirdi. Oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərinin azad olunması hərbi baxımdan mühüm əhəmiyyət daşıyırdı. Cəbrayılın azad edilməsi sonrakı hərbi əməliyyatlar üçün mühüm imkanlar yaratdı və Zəngilan, Qubadlı, Laçın istiqamətində əldə olunan uğurların əsasını möhkəmləndirdi.
Cəbrayıl Zəfərinin ən yaddaqalan rəmzlərindən biri isə Xudafərin körpülərində Azərbaycan bayrağının ucaldılması oldu. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Xudafərində üçrəngli bayrağımızı ucaltması tarixi ədalətin bərpasının, milli iradənin və dövlətimizin ərazi bütövlüyünün təntənəsinin simvoluna çevrildi.
Bu gün Cəbrayıl haqqında danışarkən hərbi Zəfərlə yanaşı, həmdə quruculuq və inkişaf mərhələsindən də danışırıq. Çünki işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş plan əsasında burada müasir yaşayış məhəllələri, sosial obyektlər, nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturu yaradılır. Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Horovlu və Şükürbəyli kəndlərində aparılan quruculuq işləri də insanların doğma torpaqlarına müasir və rahat şəraitdə qayıdışına hesablanıb.
Cəbrayılın gələcək inkişafında iqtisadi potensialın reallaşdırılması da mühüm yer tutur. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı rayonun sənaye, logistika və ticarət imkanlarını genişləndirəcək, Cəbrayılın Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında daha fəal rol oynamasına şərait yaradacaq.
Enerji sahəsində həyata keçirilən layihələr də Cəbrayılın gələcək inkişaf modelinin mühüm tərkib hissəsidir. Yeni enerji infrastrukturunun yaradılması və günəş elektrik stansiyalarının qurulması rayonun Azərbaycanın yaşıl enerji siyasətində mühüm mövqeyə malik olmasını təmin edir.
Amma bütün bu layihələrin içərisində ən böyük və ən mühüm nəticə insanların doğma torpaqlarına qayıtmasıdır. 2024-cü ilin sentyabrında Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması Böyük Qayıdış tarixində mühüm hadisə oldu. Bu gün Cəbrayıl şəhərində, Horovlu və Şükürbəyli kəndlərində artıq keçmiş məcburi köçkünlər öz doğma yurdlarında yaşayırlar.
Bu qayıdış uzun illər boyu xalqımızın qəlbində yaşatdığı arzunun gerçəkləşməsidir. Cəbrayılın yenidən qurulması, insanların öz evlərinə qayıtması və burada yeni həyatın başlaması cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasətinin ən real və əyani nəticələrindəndir.
Hesab edirəm ki, Cəbrayıl yaxın illərdə Azərbaycanın ən müasir, abad və dinamik inkişaf edən şəhər və rayonlarından birinə çevriləcək. Bu gün burada aparılan quruculuq işləri bir həqiqəti aydın göstərir: biz yalnız torpaqlarımızı azad etməmişik, həmin torpaqlarda yeni və daha güclü həyat qururuq.
4 Oktyabr – Cəbrayıl Şəhəri Günü münasibətilə bütün Cəbrayıl sakinlərini və xalqımızı ürəkdən təbrik edirəm. Cəbrayılın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm”.