Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 16 %-dən çox artıb

3 Oktyabr 2026 17:28 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 475,968 milyon manat sığorta haqqı toplanılıb.

SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,8 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 16,2 % artaraq 204,727 milyon manata çatıb.

Beləliklə, 8 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 43 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 38,8 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 115,395 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,4 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 773,153 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,1 % çoxdur.

8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 69,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 57,6 manat olub.