“Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı ölkəmizin qarşıdakı inkişaf mərhələsinin əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi proqram xarakteri daşıyır”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilməsi tədbirə xüsusi tarixi və siyasi əhəmiyyət qazandırır:
” Bu qurultay, eyni zamanda, ölkəmizin yeni geosiyasi reallıqlar fonunda qarşısında dayanan strateji vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm mərhələdir.
Cənab Prezidentin çıxışında xüsusi vurğuladığı kimi, Azərbaycanın əldə etdiyi tarixi Zəfərlərin əsasında xalq-iqtidar birliyi, milli həmrəylik, güclü dövlətçilik və ardıcıl siyasi strategiya dayanır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və 2023-cü ildə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası Azərbaycan dövlətinin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü siyasətin məntiqi nəticəsidir.
Bu baxımdan, Yeni Azərbaycan Partiyasının tarixini Azərbaycanın müasir dövlətçilik tarixindən ayrı təsəvvür etmək mümkün deyil. Partiyanın 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilməsi xalqın ölkəni dərin siyasi, iqtisadi və sosial böhrandan çıxaracaq güclü liderə və siyasi qüvvəyə olan ehtiyacının ifadəsi idi. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın parçalanma təhlükəsindən xilas olunması, dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından həlledici əhəmiyyət daşıdı.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələnin tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Güclü dövlət, müstəqil siyasət, iqtisadi dayanıqlılıq, qüdrətli ordu və milli maraqların qorunması bu siyasətin əsas istiqamətlərini təşkil edir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası qarşıya qoyulmuş tarixi məqsədlərin reallaşdırıldığını nümayiş etdirdi. Lakin əldə edilmiş Qələbə yeni vəzifələri də müəyyənləşdirir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının sürətləndirilməsi, regionun iqtisadi potensialının inkişaf etdirilməsi bu mərhələnin əsas prioritetlərindəndir.
Bu gün artıq Böyük Qayıdış proqramı real nəticələr verir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur yaradılır. Bu proses Azərbaycanın öz gücü və imkanları hesabına həyata keçirdiyi böyük quruculuq layihəsidir.
Cənab Prezident İlham Əliyevin çıxışında ölkəmizin təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Müasir dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, müxtəlif regionlarda münaqişələrin davam etdiyi bir şəraitdə Azərbaycanın müdafiə qabiliyyətinin daha da gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır. Güclü ordu və etibarlı təhlükəsizlik sistemi Azərbaycanın müstəqil siyasət yürütməsinin əsas təminatlarından biridir.
Eyni zamanda, dövlətimizin başçısının vurğuladığı ideoloji təhlükəsizlik məsələsi xüsusi əhəmiyyət daşıyır. İnformasiya texnologiyalarının sürətli inkişaf etdiyi müasir dövrdə milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, tarixi həqiqətlərin düzgün çatdırılması və cəmiyyətin dezinformasiyalardan qorunması mühüm vəzifələrdəndir.
Azərbaycanın müstəqil xarici siyasəti də ölkəmizin əldə etdiyi uğurların mühüm amillərindən biridir. Bu gün Azərbaycan müxtəlif siyasi və iqtisadi platformalarda fəal iştirak edir, çoxsaylı dövlətlərlə qarşılıqlı etimada və milli maraqlara əsaslanan tərəfdaşlıq münasibətləri qurur. Ölkəmizin beynəlxalq təşəbbüslərdə fəal iştirakı və müxtəlif tərəflər arasında dialoq üçün platforma yaratması Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricilərindəndir.
İqtisadi inkişaf və sosial rifah məsələləri də cənab Prezident İlham Əliyevin çıxışında mühüm yer tutdu. Gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağının bildirilməsi dövlətimizin sosial siyasətinin ardıcıl xarakter daşıdığını bir daha göstərir. Dayanıqlı iqtisadi inkişaf, investisiyaların cəlb olunması, maliyyə sabitliyinin qorunması və yeni iş yerlərinin yaradılması əhalinin rifahının daha da yüksəldilməsinə xidmət edir.
Azərbaycanın enerji siyasəti və nəqliyyat imkanları da ölkəmizin regional və qlobal əhəmiyyətini artıran əsas amillərdəndir. Cənab Prezident İlham Əliyevin qurultayda qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında bütün növ enerji resurslarını istehsal edən, hasil edən və ixrac edən nadir ölkələrdəndir. Xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələrin istehsalı və ixracı ölkəmizin enerji potensialının genişliyini və bu sahədə formalaşdırdığı imkanları nümayiş etdirir. Bu gün Azərbaycanın enerji resursları yalnız ölkəmizin iqtisadi inkişafında deyil, eyni zamanda, regional və beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Xüsusilə qlobal enerji bazarında baş verən dəyişikliklər fonunda Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyi daha da möhkəmlənir. Ölkəmizin enerji imkanlarından səmərəli istifadə etməsi, yeni yataqların işlənməsi, hasilatın artırılması və enerji ixrac coğrafiyasının genişləndirilməsi qarşıdakı dövrdə də Azərbaycanın iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq.
Bütün bunlar göstərir ki, Azərbaycan qarşıdakı dövrə də aydın strateji hədəflərlə daxil olur. Qarşıda dayanan vəzifələrin uğurla həyata keçirilməsi üçün xalqımızın həmrəyliyi, dövlətimizin gücü və siyasi sabitlik əsas dayaqlardır.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bir daha nümayiş etdirdi ki, partiyanın qarşısında dayanan əsas məqsəd möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafına, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və milli maraqlarımızın qətiyyətlə qorunmasına töhfə verməkdir.
Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü qarşıdakı mərhələdə qarşıya qoyulan tarixi vəzifələrin həyata keçirilməsində fəal iştirak edəcək, ölkəmizin inkişafına və daha böyük nailiyyətlər əldə etməsinə öz töhfəsini verəcək”