“VIII Qurultayın əsas mesajlarından biri Böyük Qayıdış Qarabağın gələcəyinə açılan yeni səhifədir” -DEPUTAT DANIŞDI

3 Oktyabr 2026 15:17 (UTC+04:00)

“Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, qarşıdakı dövr üçün yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Cəmiyyətdə hakim partiyanın qəbul etdiyi qərarlara böyük maraq var. Bu baxımdan qurultay yalnız hesabat xarakterli tədbir deyil, həm də ölkənin qarşısında dayanan yeni çağırışlara uyğun fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyi mühüm siyasi platformadır”.

Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Deputat qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayıb və bu gün ölkənin qarşısında dayanan yeni çağırışlar partiyanın fəaliyyətində də müasir yanaşmaların tətbiqini zəruri edir.

“VIII Qurultaydan əsas gözləntimiz burada müəyyənləşdirilən vəzifələrin qarşıdakı mərhələdə real fəaliyyətə çevrilməsidir. Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dövrdə siyasi təşkilatların cəmiyyətin dəyişən gözləntilərinə, müasir çağırışlara və yeni reallıqlara uyğun fəaliyyət göstərməsi mühüm əhəmiyyət daşıyır.

Bu baxımdan gənclərlə işin gücləndirilməsi, müasir ideoloji fəaliyyətin qurulması, ictimai dialoqun genişləndirilməsi, vətəndaş müraciətlərinə daha həssas yanaşılması və cəmiyyətlə siyasi təşkilatlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi qarşıdakı dövrdə diqqət yetirilməli istiqamətlər sırasındadır”, – deyə deputat vurğulayıb.

M.İbrahimqızı bildirib ki, bu gün Azərbaycanın qarşısında postmüharibə dövrünün yaratdığı yeni imkanlarla yanaşı, regional və qlobal miqyasda bir sıra çağırışlar da dayanır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı qarşıdakı dövrün prioritetlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

“Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış prosesinin davam etdirilməsi, azad edilmiş ərazilərin bərpası və inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların artırılması, yeni iş yerlərinin yaradılması və əhalinin rifahının yüksəldilməsi qarşıdakı dövrün əsas istiqamətlərindəndir. Bununla yanaşı, Azərbaycanın təhlükəsizliyinin və müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, beynəlxalq mövqelərimizin qorunması və milli maraqlarımızın təmin edilməsi də xüsusi əhəmiyyət daşıyır.

Qurultayda səsləndirilən fikirlər qarşıdakı dövrdə həyata keçiriləcək fəaliyyətin əsas prioritetlərini anlamaq baxımından mühüm mesajlar verir”, – deyə deputat qeyd edib.

Deputatın sözlərinə görə, qurultayın əhəmiyyəti yalnız qəbul edilən qərarlarla məhdudlaşmır: “Əsas məsələ qurultayda müəyyənləşdirilən vəzifələrin yerlərdə necə və hansı nəticələrlə həyata keçirilməsidir. Bu baxımdan VIII Qurultay yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Hər bir partiya üzvünün, xüsusilə cəmiyyətlə birbaşa təmasda olan şəxslərin qarşıya qoyulan hədəflərin reallaşdırılmasına töhfə verməsi vacibdir”.

M.İbrahimqızı qeyd edib ki, YAP-ın siyasi tarixində əldə olunan nəticələr partiyanın yarandığı gündən formalaşan siyasi xəttlə bağlıdır: “Prezident İlham Əliyevin də vurğuladığı kimi, Yeni Azərbaycan Partiyasının təsis qurultayı ölkəmizin sonrakı qələbələrinə gedən yolun başlanğıc nöqtələrindən biri olub. Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən insanların yaratdığı bu siyasi təşkilat sonrakı dövrdə Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayıb”.

“İnanırıq ki, VIII Qurultay YAP-ın qarşıdakı fəaliyyətində yeni yanaşmaların, daha çevik və müasir iş mexanizmlərinin formalaşmasına təkan verəcək. Azərbaycanın qarşısında böyük quruculuq və inkişaf məqsədləri dayanır. Bu prosesdə siyasi sabitliyin, dövlətçilik ənənələrinin və cəmiyyətlə sağlam münasibətlərin qorunması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda yaranan yeni imkanların düzgün qiymətləndirilməsi və onların ölkəmizin uzunmüddətli sosial-iqtisadi inkişafına yönəldilməsi qarşıdakı mərhələnin əsas vəzifələrindən biri olmalıdır”, – deyə deputat əlavə edib.