"Ümummilli liderin qayıdışı Azərbaycanın inkişafında dönüş nöqtəsi oldu" - DEPUTAT

3 Oktyabr 2026 15:08 (UTC+04:00)

"3 oktyabr Azərbaycanda siyasətində eləcə də iqtisadi inkişafın başlanğıc nöqtəsi idi. Ümummilli liderin qayıtması həmin dövrdə müşahidə edilən anarxiyanın və tənəzzülün qısa zamanda aradan qaldırılmasına və Azərbaycan iqtisadiyyatının inkişaf etməsinə səbəb oldu". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, 1993-cü ildə praktik olaraq Azərbaycan iqtisadiyyatı ciddi böhran vəziyyətində idi, torpaqlarımızın bir hissəsi işğal olunmuşdu, Azərbaycanda müxalifət qruplarının yaratdığı təhlükə nəticəsində ölkə vətəndaşlarının təhlükəsizliyi ciddi risk altında idi:

"Məhz belə bir şəraitdə ümummilli liderin hakimiyyətə gəlməsi, çox qısa zamanda həyata keçirilən tədbirlər və aparılan islahatlar bir tərəfdən anarxiyanın aradan qaldırılmasına imkan yaratdı, digər tərəfdən isə tənəzzülün aradan qaldırılması və iqtisadi inkişaf meyillərinin müşahidə olunmasına şərait yaratdı.

Bu baxımdan, bu gün müstəqil Azərbaycanın əldə etdiyi uğurların banisi məhz ümummilli liderdir. Onun müəyyənləşdirdiyi strategiya əsasında Azərbaycan iqtisadiyyatının inkişaf meyilləri cənab Prezident İlham Əliyevin rəhbərliyi altında daha da dərinləşdi və Azərbaycanın geosiyasi mövqeyinin güclənməsi, eyni zamanda ərazi bütövlüyünün və suverenliyinin tam bərpası reallaşdı.

Bütün bunların memarı ümummilli liderimiz, onları reallaşdıran isə cənab Prezidentdir".