“Azərbaycanın enerji strategiyası regional və qlobal rolunu gücləndirir“ -DEPUTAT DANIŞDI

3 Oktyabr 2026 15:07 (UTC+04:00)

“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında enerji siyasəti ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın enerji strategiyasının regional və qlobal geosiyasi çəkisinin formalaşmasında mühüm amilə çevrildiyini bir daha göstərir. Dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri enerji resurslarının yalnız hasilatı deyil, eyni zamanda emalı, ixracı, investisiya qoyuluşları, nəqli və enerji təhlükəsizliyinin vahid strategiya çərçivəsində nəzərdən keçirilməsidir”.

Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın enerji potensialı xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr kimi müxtəlif istiqamətləri əhatə edir: “Bu şaxələndirmə xüsusilə mürəkkəb geosiyasi şəraitdə ölkənin iqtisadi dayanıqlığı və xarici bazarlardakı mövqeyi baxımından mühüm əhəmiyyət daşıyır. Emal sənayesinə yatırılan investisiyalar enerjinin əlavə dəyərini artırır, bazarların coğrafiyasını genişləndirir və yeni gəlir imkanları yaradır. Azərbaycanın vaxtilə xarici investor cəlb edən ölkədən xaricdə enerji aktivlərinə və emal müəssisələrinə investisiya qoyan ölkəyə çevrilməsi həyata keçirilən enerji strategiyasının nəticələrindən biridir”.

N.Məmmədovanın sözlərinə görə, Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biri enerji təhlükəsizliyinin təmin edilməsidir: “Rəsmi Bakının yanaşması dəyişməyib – enerji təhlükəsizliyi milli təhlükəsizliyin mühüm tərkib hissəsidir. Son illərdə enerji təchizatında baş verən dəyişikliklər də göstərir ki, enerji eyni zamanda strateji resursdur. Təchizat marşrutlarının sabitliyi, alternativ mənbələrin mövcudluğu və enerji daşıyıcılarının fasiləsiz çatdırılması dövlətlərin xarici siyasətində getdikcə daha böyük əhəmiyyət qazanır”.

Deputat vurğulayıb ki, Azərbaycan bu gün həm enerji istehsalçısı və ixracatçısı, həm də tranzit ölkə kimi mövqeyini gücləndirir: “Azərbaycan qazını qəbul edən ölkələrin sayının 16-ya çatması və onların 10-nun Avropa İttifaqına üzv dövlətlər olması ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunun artdığını göstərir. Azərbaycanın enerji siyasətinin əhəmiyyəti həm də müxtəlif bazarların enerji təminatının şaxələndirilməsinə verdiyi töhfədə ifadə olunur”.

N.Məmmədova Prezident İlham Əliyevin çıxışında yaşıl enerjiyə xüsusi diqqət yetirməsini də əhəmiyyətli məqam kimi dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycanın enerji keçidinə yanaşması mərhələli və real iqtisadi imkanların nəzərə alınmasına əsaslanır: “Bir tərəfdən neft və qaz hasilatı və ixracı davam etdirilir, digər tərəfdən isə bərpaolunan enerji layihələrinə böyük investisiyalar cəlb olunur. Bu yanaşma ölkəmiz üçün ikiqat əhəmiyyət daşıyır. Azərbaycan mövcud enerji resurslarından istifadə etməklə bugünkü iqtisadi və enerji ehtiyaclarını təmin edir, eyni zamanda gələcəyin enerji sisteminə keçid üçün zəruri infrastruktur yaradır”.

Deputat bildirib ki, burada əsas məsələ neft və qazdan imtina etmək deyil, enerji sistemini mərhələli şəkildə şaxələndirməkdir: “Prezident İlham Əliyevin çıxışında “yaşıl gündəlik” ətrafında aparılan müzakirələrə toxunması da bu baxımdan diqqət çəkir. Dövlət başçısının qeyd etdiyi kimi, neft, qaz və yanacaq olmadan müasir iqtisadiyyatın inkişafını təsəvvür etmək mümkün deyil. Bununla yanaşı, Azərbaycan bərpaolunan enerji potensialını da genişləndirir və gələcəkdə bu sahədə ixrac imkanlarını artırmağı hədəfləyir”.

N.Məmmədova qeyd edib ki, yeni neft və qaz kontraktları da Azərbaycanın uzunmüddətli enerji strategiyasının mühüm istiqamətlərindəndir: ““Azəri-Çıraq-Günəşli” yatağında hasilatın təbii azalması fonunda yeni layihələrin və kontraktların həyata keçirilməsi hasilatın sabitləşdirilməsi və artırılması baxımından mühüm imkanlar yaradır. Yeni qaz kontraktlarından birinin əlavə 5 milyard kubmetr qaz hasilatına imkan verməsi də strateji planlaşdırmanın göstəricisidir. Burada məqsəd mövcud yataqlardan əldə olunan gəlirlə kifayətlənməmək, yeni yataqlar, müqavilələr, bazarlar və ixrac imkanları formalaşdırmaqdır”.

Deputat nəqliyyat dəhlizlərinin də Azərbaycanın iqtisadi və geosiyasi imkanlarının genişləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb: “Orta Dəhliz və Şimal-Cənub Dəhlizi Azərbaycanın tranzit imkanlarını genişləndirir. Prezident İlham Əliyevin çıxışında bu il Azərbaycan ərazisindən keçəcək tranzit yüklərin həcminin 16 milyon tona çatmasının gözlənildiyi, orta müddətdə isə bu göstəricinin 30 milyon tona çatdırılmasının hədəfləndiyi bildirildi”.

Onun sözlərinə görə, enerji və nəqliyyat siyasəti bir-birini tamamlayan istiqamətlərdir: “Enerji resurslarının istehsalı qədər onların dünya bazarlarına təhlükəsiz və etibarlı şəkildə çatdırılması da əhəmiyyətlidir. Eyni zamanda, Azərbaycan ərazisindən müxtəlif istiqamətlərdə yüklərin daşınmasının genişlənməsi ölkənin tranzit gəlirlərini, logistika imkanlarını və regional iqtisadi rolunu artırır. Azərbaycanın əsas hədəflərindən biri enerji, logistika, investisiya və yaşıl texnologiyaların qovuşduğu regional iqtisadi mərkəz kimi mövqeyini daha da gücləndirməkdir”.