"1993-cü ilin Gəncə hadisələrindən sonra, əslində, Azərbaycan dövləti ciddi təhlükə ilə qarşı-qarşıya idi". Bu fikirləri SİA-ya açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı bildirib.
.jpg)
Onun sözlərinə görə, birincisi, Azərbaycan gənc və müstəqil dövlət idi, dövlətin müstəqilliyini qoruması lazım idi: "İkincisi, ərazi bütövlüyünü qorumaq lazım idi. Üçüncüsü, daxili sabitliyi və suveren quruluşu qorumaq lazım idi. Bunların hər üçü ilə bağlı çox ciddi təhlükələr var idi.
Çünki SSRİ, Sovet imperiyası yenicə dağılmışdı. Sovet imperiyasının bərpası təşəbbüsləri var idi. Keçmiş Sovet imperiyasından ayrılmış, müstəqilliyini elan etmiş müxtəlif respublikalarda, həmin dövlətlərin daxilində də bununla bağlı müəyyən meyillər var idi.
Bir yandan Rusiyanın yenidən bu respublikaları işğal etmə və ya özünə birləşdirmə niyyəti, digər yandan bu respublikaların bəzilərində bununla bağlı düşüncələr, bir yandan isə Azərbaycan nümunəsində qonşu dövlət Ermənistanın işğalçı hücumlarına məruz qalmaq təhlükəsi var idi. Hansı ki, o dövlət bu işğalçılığı təkbaşına həyata keçirmirdi. Müxtəlif dövlətlərdən çox ciddi hərbi, siyasi, iqtisadi, diplomatik və s. dəstək alırdı.
Bir yandan, qeyd edəcəyimiz kimi, söhbət sadəcə Gəncədəki prosesdən getmirdi. Gəncədə vətəndaş müharibəsi təhlükəsi başlamışdı, amma Azərbaycanın cənubunda, şimalında və müxtəlif hissələrində bu vətəndaş müharibəsi təhlükəsinin, müxtəlif münaqişə ocaqlarının yaranması meyilləri vardı və konkret fəaliyyətlər həyata keçirilirdi.
Bu qədər mürəkkəb bir şəraitdə dövlətin varlığı təhlükə altındadır, ərazi bütövlüyü təhlükə altındadır, işğal edilmiş ərazilər var, müstəqilliyi təhlükə altındadır, vətəndaş müharibəsi təhlükəsi var, daxili sabitlik pozulub, suveren quruluşla bağlı risklər var.
Bu şəraitdə, təbii ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi və onun dövlətçilik təcrübəsi, daha öncədən malik olduğu dövlətçilik təcrübəsi və strateji vizionu, bunların birləşməsi, eyni zamanda cəsarətlə səbirliliyin birləşməsi Azərbaycanın fərqli, müsbət bir istiqamətə getməsi baxımından əhəmiyyətli oldu.
Yəni o təcrübə, o cəsarət və müəyyən məqamlarda sırf təcrübəyə əsaslanan səbirli addımlar imkan verdi ki, vətəndaş müharibəsi təhlükəsi ortadan qaldırılsın.
İkincisi, işğalçı Ermənistanın işğalçı siyasətinin nəticələri tam ortadan qaldırılmasa da, müharibə dayandırılsın və Azərbaycan daxili sabitliyini bərpa edib iqtisadi cəhətdən, hərbi cəhətdən güclənsin. Bunun üçün bir imkan qazanıldı.
Suveren quruluşun dəyişdirilməsi ilə bağlı təhlükələr birmənalı şəkildə, sadəcə bir neçə ay ərzində ortadan qaldırıldı. Çünki bilirik ki, 1994-cü ildə, 1995-ci ildə Azərbaycan bir neçə təhlükə yaşadı, amma o ardıcıl siyasət suveren quruluşun və daxili sabitliyin qorunması ilə bağlı konkret nəticələr yaratdı.
Etnik zəmində, regional zəmində münaqişə yaratma təşəbbüslərinin hamısının qarşısı ustalıqla alındı və minimum itki ilə, bəzən də itkisiz şəkildə qarşısı alındı. Bunlar çox önəmli addımlar idi.
Yəni bu baxımdan, 1993-cü ilin yayında Azərbaycanın düşmüş olduğu vəziyyət, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra dövlətçilik təcrübəsi, strateji baxış və cəsarətin birlikdə ortaya çıxardığı nəticələr bugünkü Azərbaycanın — yəni ərazilərini işğaldan azad etmiş, iqtisadi rifahını təmin etmiş, yüksələn və orta güc iddiasını ortaya qoyan, qlobal siyasətdə iddialı olan bir Azərbaycanın — ortaya çıxması baxımından əhəmiyyətli oldu".