"Məlumunuzdur, ərzaq məhsullarının marketlərdə, piştaxtalarda, bazarlarda və müəyyən rəflərdə saxlanılması ilə əlaqədar olaraq qida təhlükəsizliyi ilə bağlı bir sıra tələblər mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti, "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib.

Onun sözlərinə görə, çiy və bişmiş ət məhsulları eyni soyuducu içərisində saxlanılarsa, çiy məhsul mütləq şəkildə aşağıda, bişmiş məhsul isə yuxarıda yerləşdirilməlidir:
"Bu, mal qonşuluğu prinsipinin qorunmasına xidmət edir. Belə ki, əgər bişmiş məhsuldan çiy məhsula hər hansı bir hissə düşərsə, yenidən çiy məhsul bişiriləcəyinə görə bu, o qədər də böyük risk faktoru daşımır. Lakin alt hissədə bişmiş məhsul olmuş olsaydı, çiy məhsuldan ora hər hansı bir ətə aid suyun və ya qırıntıların düşməsi artıq bişmiş, hazır qida məhsulunu istifadəyə yararsız hala gətirəcəkdir.
Bundan əlavə, süd məhsulları kəskin qoxulu hissə verilmiş məhsullarla, kolbasalarla, sosislərlə, toyuq ətinin müəyyən hissələrə bölünmüş hissələri ilə, mal ətinin müəyyən hissələrə bölünmüş hissələri ilə bir rəfdə mövcud olmamalıdır. Duz, ədviyyatlar kimi məhsullar isə izolyasiya olunaraq ayrı şəkildə saxlanmalıdır. Bunların bir yerdə saxlanması mal qonşuluğu prinsipinin pozulmasına rəvac verir. Bu da qida təhlükəsizliyi haqqında 523 saylı qanunvericiliyin müvafiq maddəsinə ziddiyyət təşkil edir.
Eyni zamanda, 19 saylı Kollegiya qərarında da mal qonşuluğu ilə bağlı müəyyən müddəalar öz həllini tapmaqdadır.
Qida məhsulları alarkən belə hallara rast gəlinərsə, market piştaxtalarında mütləq satıcı tərəfə alıcı tərəfindən istək və irad bildirilməli, həmin məhsulların dəyişdirilməsi tələb olunmalıdır. Ərzaq məhsullarını aldıqda isə hər hansı qida məhsulunda problem aşkarlandıqda, dərhal satın alındığı yerə qəbzlə birlikdə geri qaytarılmalıdır.
Deyək ki, hər hansı bir qida məhsulu vakuum paketdə saxlanılır və ona müəyyən qədər oksigen daxil olmuşdursa, qablaşdırma materialının tamlığı pozulmuşdursa, bu zaman artıq orada mövcud olan məhsulu istifadə etmək uyğun deyil.
Bundan əlavə, çiy tərəvəzlər yumurta məhsulları ilə yanaşı şəkildə yığılmamalıdır. Ümumiyyətlə, yumurta məhsulu dezinfeksiya olunub yuyularaq bağlı qabda saxlanılır və həmin saxlama ərazisində orta rəflərdən bir hissəsi ət məhsullarının aşağıda olan hissəsinə yerləşdirilir.
Marketdə isə kənd yumurtaları kimi saxlanılan yumurtalar səbətlərdə, müxtəlif taxta qablaşdırmalarda digər məhsullardan ayrı şəkildə saxlanmalıdır. Çünki onlar yuyulmamışdır. Onların qabığında mövcud olan salmonella bakteriyasının qidaya sirayətlənməsinin qarşısını almaq məqsədilə ayrı şəkildə saxlanmalıdır".