"Prezident İlham Əliyevin çıxışında Azərbaycanın gələcək inkişafına dair mühüm istiqamətlər müəyyənləşdirilib" - POLKOVNİK DANIŞDI

3 Oktyabr 2026 13:18 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlər ölkəmizin qarşıdakı inkişaf mərhələsi üçün mühüm istiqamətləri müəyyənləşdirir".

Bu sözləri SİA-ya açıqlamasında Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib.

Onun sözlərinə görə, qurultay zamanı YAP-ın son bir il ərzində həyata keçirdiyi fəaliyyətə nəzər salınıb, əldə olunan nəticələrə qiymət verilib. Eyni zamanda, dövlət başçısı Azərbaycanın gələcək inkişaf perspektivləri, qarşıda duran vəzifələr və bu istiqamətdə görüləcək işlərlə bağlı mühüm fikirlər səsləndirib:

"Qurultay iştirakçısı kimi qeyd etmək istərdim ki, YAP-ın VIII Qurultayı həm təşkilati baxımdan, həm də burada müzakirə olunan məsələlərin əhəmiyyətinə görə yadda qalan tədbirlərdən biri oldu. Qurultayda partiyanın əvvəlki dövrlərdəki fəaliyyəti və əldə etdiyi uğurlar diqqətə çatdırıldı, görülən işlər yüksək qiymətləndirildi. Tədbirin əsas məqamlarından biri isə Prezident İlham Əliyevin çıxışı və səsləndirdiyi mühüm mesajlar idi.

Müstəqil Azərbaycanın keçdiyi tarixi inkişaf yolundan danışan dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini də xüsusi olaraq qeyd etdi. Heydər Əliyevin tarixi xilaskarlıq missiyasına toxunan Müzəffər Ali Baş Komandan bildirdi ki, əgər həmin dövrdə Ulu Öndər hakimiyyətdə olsaydı, Qarabağda separatizm meyillərinin qarşısını alar və problemin daha da dərinləşməsinə imkan verməzdi. Məhz separatizm və işğal təhlükəsinin mövcud olduğu bir vaxtda Azərbaycan xalqı Heydər Əliyevin siyasi irsinə və dövlətçilik təcrübəsinə güvənərək 1993-cü ildə onu yenidən hakimiyyətə dəvət etdi. Həmin il oktyabrın 3-də Ümummilli Lider Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da ölkədə dövlətçiliyin qorunması, vətəndaş müharibəsinin qarşısının alınması və erməni işğalının genişlənməsinə imkan verilməməsi istiqamətində mühüm addımlar atıldı.

Dövlət başçısı çıxışında hərbi gücün artırılması, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və ideoloji işin düzgün qurulması məsələlərinə də xüsusi diqqət ayırıb. Prezident İlham Əliyev Azərbaycanın hərbi potensialının daim gücləndirilməsinin vacibliyini vurğulayıb. Müzəffər Ali Baş Komandan qeyd edib ki, hərbi gücün artırılması hər bir dövlət və xalq üçün mühüm əhəmiyyət daşıyır. Çünki dövlətin təhlükəsizliyinin təmin olunması, ərazi bütövlüyünün və suverenliyinin qorunması bu amillə birbaşa bağlıdır.

Dövlət başçısı Azərbaycanın tarix boyu üzləşdiyi faciələrə də diqqət çəkərək belə halların təkrarlanmaması üçün hərbi gücün daim artırılmasının vacibliyini bildirib. Beynəlxalq hüququn və beynəlxalq təşkilatların rolunun müəyyən qədər zəiflədiyi müasir dünyada hərbi güc təhlükəsizlik baxımından daha böyük əhəmiyyət kəsb edir.

Prezident çıxışında müasir ideoloji işin aparılmasının vacibliyini də vurğulayıb. Dövlət başçısı qeyd edib ki, bu istiqamətdə görülən işlər formal xarakter daşımamalı, real və praktiki məzmun kəsb etməlidir. Müzəffər Ali Baş Komandan bunun üçün Azərbaycanın kifayət qədər əsaslarının olduğunu da diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib ki, “bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil”. Həqiqətən də istər 2020-ci ilin 44 günlük Vətən müharibəsi, istərsə də 2023-cü ilin lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələri öz qəhrəmanlığı ilə bütün dünyanı heyrətə gətirdi və ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etməklə yanaşı, vətənpərvərlik tərbiyəsinin təbliği və ideoloji iş baxımından da böyük perspektiv formalaşdırdı. Bu gün bütün əlaqədar qurumlar – QHT-lərdən tutmuş təhsil ocaqlarına, nazirliklərdən tutmuş ən xırda müəssisələrə qədər hər bir qurum bu məsələni diqqət mərkəzində saxlamalı, ideoloji müstəvidə fəaliyyətini gücləndirməlidir.

Məlumat üçün qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hər zaman ideoloji işə xüsusi həssaslıqla yanaşmış, yeniyetmə və gənclər arasında aktiv iş aparmışıq. Təşkilatımız tərəfindən cari ilin sonuna kimi bu istiqamətdə daha bir neçə tədbirin keçirilməsi nəzərdə tutulur ki, bütün bu tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından son dərəcə əhəmiyyətlidir.

Mən başda cənab Prezident olmaqla YAP-ın VIII Qurultayının bütün iştirakçılarını qurultayın uğurlu təşkili münasibətilə təbrik edir, Müzəffər Ali Baş Komandanımıza, hakim partiyaya, dövlətimizə və xalqımıza uğurlar arzulayıram".