FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib - FOTOLAR

3 Oktyabr 2026 11:53 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlim Azərbaycan Dövlət Neft Şirkətinin Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən SOCAR-ın Qaz Emalı Zavodunun çənlər parkında baş tutub.

Təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların saxlanıldığı çənlərdə mümkün yanğınlar zamanı əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı neft məhsulu saxlanılan çəndə baş vermiş şərti yanğın yerinə operativ çatan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin hissə və bölmələri tərəfindən "yanğın" yerində çevik kəşfiyyatın aparılması və "yanğının söndürülməsi" əməliyyatı yerinə yetirilib.

Təlimə ümumilikdə 6 ədəd texnika və 29 nəfərdən ibarət şəxsi heyət cəlb olunub.

Təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.