Batutçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar - FOTOLAR

3 Oktyabr 2026 11:27 (UTC+04:00)

3–4 oktyabr tarixlərində İtaliyanın Riççone şəhərində batut gimnastikası üzrə “5th Aere Trampoline Cup” beynəlxalq turniri keçirilir.

SİA xəbər verir ki, turnirdə gimnastlarımız sinxron və fərdi proqramlarda ümumilikdə 5 qızıl və 1 gümüş medal qazanıblar.

Sinxron proqramda 13–14 yaş kateqoriyasında Ömər Qasımlı və Muhamməd Həsənli 45,170 xalla qızıl medala layiq görülüblər. 15–16 yaş kateqoriyasında Ammar Baxşalıyev və Fərhad Mustafayev 45,390 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 17–21 yaş kateqoriyasında isə Hüseyn Abbasov və Maqsud Mahsudov 50,730 xalla qızıl medal qazanıblar.

Fərdi proqramda Hüseyn Abbasov 57,950 xalla, Ammar Baxşalıyev 53,300 xalla qızıl medal əldə ediblər. Muhamməd Həsənli isə 49,290 xalla gümüş medalın sahibi olub.