Dövlətçilikdən Zəfərə uzanan siyasi xətt

2 Oktyabr 2026 19:08 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycan siyasi tarixinin mühüm mərhələlərindən birinə təsadüf edir. Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni tarixi şəraitdə keçirilməsi onun siyasi əhəmiyyətini daha da artırır. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı yalnız ötən dövrə siyasi qiymət verməklə məhdudlaşmır, həm də Azərbaycanın keçdiyi dövlətçilik yolunun məntiqini və gələcək inkişaf istiqamətlərini ortaya qoyur.

Yeni Azərbaycan Partiyasının tarixində xüsusi yer tutan məqam onun yaranmasının Azərbaycanın ən mürəkkəb siyasi dövrünə təsadüf etməsidir. 1992-ci ildə təsis edilən YAP cəmiyyətin dövlətçilik, sabitlik və milli maraqlar ətrafında birləşməsi ehtiyacının siyasi ifadəsi kimi formalaşdı. Həmin dövrün mürəkkəb ictimai-siyasi mənzərəsi fonunda Heydər Əliyevin siyasi təcrübəsinə və liderlik keyfiyyətlərinə ictimai tələbin artması təsadüfi deyildi.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qarşısında yeni dövlətçilik mərhələsi açıldı. Dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi sabitliyin təmin olunması, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi və milli maraqlara əsaslanan xarici siyasətin formalaşdırılması sonrakı illərin əsas istiqamətlərini müəyyənləşdirdi. Bu baxımdan, YAP-ın siyasi fəaliyyəti ilə dövlət quruculuğu prosesinin paralel inkişaf etdiyini qeyd etmək mümkündür.

Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin mühüm xüsusiyyətlərindən biri strateji məqsədlərlə gündəlik vəzifələrin bir-birindən ayrılmaması idi. Müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması və hərbi imkanların gücləndirilməsi son nəticədə Azərbaycanın öz milli maraqlarını daha ardıcıl müdafiə etməsinə imkan yaratdı. “Əsrin müqaviləsi”nin imzalanması, enerji strategiyasının formalaşdırılması və xarici investisiyaların cəlb edilməsi də bu baxımdan dövlətin gələcək imkanlarını genişləndirən mühüm addımlar idi.

Bu siyasi xətt 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə davam etdirildi. İqtisadi gücün hərbi potensiala çevrilməsi, ordunun modernləşdirilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və Azərbaycanın diplomatik imkanlarının genişləndirilməsi uzunmüddətli strategiyanın tərkib hissəsinə çevrildi.

2020-ci il Vətən müharibəsi həmin strategiyanın ən mühüm nəticələrindən biri kimi Azərbaycan tarixində yeni səhifə açdı. 44 günlük müharibə nəticəsində ərazilərin böyük hissəsinin işğaldan azad edilməsi sonrakı proseslər üçün yeni reallıq yaratdı. 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin bütün ərazisində təmin edilməsi isə bu prosesin mühüm yekun mərhələsi oldu.

Bu gün Azərbaycan artıq münaqişə və işğal reallığı ilə deyil, Zəfərdən sonrakı quruculuq və inkişaf gündəliyi ilə üz-üzədir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı dövlətçilik tariximizin yeni mərhələsini formalaşdırır.

VIII Qurultayın əsas siyasi mesajlarından biri də məhz budur: Zəfər son deyil, yeni məsuliyyətlərin başlanğıcıdır. Ərazi bütövlüyünün və suverenliyin bərpası Azərbaycanın qarşısında daha geniş inkişaf perspektivləri açır. Dövlətçiliyin qorunması, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, milli həmrəyliyin saxlanılması və gələcək nəsillərə daha güclü Azərbaycan dövlətinin ötürülməsi əsas vəzifələr olaraq qalır.

Bu baxımdan YAP-ın VIII Qurultayı keçmişə hesabat verməklə yanaşı, siyasi irsin gələcək nəsillərə ötürülməsi baxımından da əlamətdardır. Qurultayda Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin əsas prinsipləri – müstəqillik, dövlətçilik, milli maraqlar, iqtisadi dayanıqlıq və güclü dövlət ideyası – yeni tarixi şəraitdə yenidən gündəmə gətirildi.

Azərbaycanın son otuz ildən artıq müddətdə keçdiyi yol göstərir ki, dövlətçilik yalnız siyasi idarəçilik məsələsi deyil. O, milli iradənin, ictimai həmrəyliyin, iqtisadi imkanların, diplomatik fəaliyyətin və təhlükəsizlik siyasətinin vəhdətidir. YAP-ın VIII Qurultayında səslənən fikirlər də bu bütövlüyü bir daha önə çıxarır.

Bu gün Zəfər tarixinin qorunması qədər onun yaratdığı imkanlardan düzgün istifadə etmək də mühüm əhəmiyyət daşıyır. Qarşıdakı mərhələnin əsas hədəfi güclü, dayanıqlı, müstəqil və rəqabətqabiliyyətli Azərbaycanın inkişafını davam etdirməkdir. Bu isə dövlətçilik ənənələrinin qorunmasını və yeni dövrün tələblərinə uyğun yenilənməsini zəruri edir.

Jalə Əliyeva

Millət vəkili