Azərbaycanda biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün yeni kredit zəmanəti və kapital maliyyələşdirilməsi mexanizmləri hazırlanır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu məsələ maliyyə nazirinin birinci müavini Anar Kərimovun Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.
Bildirilib ki, Dünya Bankının “İş yerləri və iqtisadi artım üçün maliyyə əlçatanlığı” – FINGROW layihəsi çərçivəsində qismən kredit zəmanəti və kapital maliyyələşdirilməsi komponentlərinin tətbiqi nəzərdə tutulur.
Hazırda həmin mexanizmlərin həyata keçirilməsi üçün müvafiq maliyyələşdirmə və hüquqi mexanizmlərin formalaşdırılması, eləcə də layihənin konseptual çərçivəsinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Anar Kərimov qeyd edib ki, maliyyə əlçatanlığının genişləndirilməsi və özəl sektorun maliyyələşdirilməsi sahəsində Dünya Bankı ilə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays isə FINGROW layihəsi çərçivəsində maliyyə əlçatanlığının genişləndirilməsinə yönəlmiş təşəbbüslərə Bankın maliyyə və ekspert dəstəyi göstərməyə hazır olduğunu bildirib.