Ümummilli Lider Heydər Əliyevin 21 noyabr 1998-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş mərasimdə səsləndirdiyi "Yeni Azərbaycan Partiyasını bir adam yaratmayıb" fikri partiyanın yaranma tarixinə, bu prosesdə öz ətrafında cəmlənən ziyalıların zəhmətinə, cəsarətinə verdiyi dəyər, göstərdiyi minnətdarlıq duyğusunun təzahürü idi. Xalqımızın Ümummilli Lideri YAP-ın meydana gəlməsini yalnız bir siyasi liderin təşəbbüsü və ya şəxsi qərarı ilə bağlamırdı, bu prosesdə Azərbaycanın müxtəlif bölgələrindən olan ziyalıların, elm və mədəniyyət xadimlərinin, dövlətçilik düşüncəsinə malik insanların və ölkənin gələcəyi barədə narahatlıq keçirən şəxslərin rolunu xüsusi vurğulayırdı.
1992-ci ildə YAP-ın yaradılması ideyasının arxasında həmin dövrün mürəkkəb ictimai-siyasi reallıqları dayanırdı. Ölkənin gələcəyi, dövlət müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin edilməsi və cəmiyyətin müxtəlif təbəqələrinin vahid siyasi platformada birləşməsi kimi məsələlər yeni siyasi təşkilatın formalaşması üçün ən vacib amillərdən idi. Partiyanın qurulması təşəbbüsünə qoşulan insanlar bunu yaxşı anlayırdı və onları Heydər Əliyevin ətrafında cəmləşməyə vadar edən məsələ Azərbaycanın taleyi və gələcəyi barədə narahatlıqları idi.
Ümummilli Lider Heydər Əliyev YAP-ın yaranma zərurətindən danışanda hər zaman xüsusilə ziyalıların roluna diqqət çəkirdi. O ziyalıların yalnız elm və mədəniyyət sahəsində çalışan insan olaraq qalmasını istəmirdi, eyni zamanda ölkədə baş verən ictimai-siyasi proseslərə münasibət bildirən, dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyət hiss edən şəxs kimi görmək istəyirdi.
Bu baxımdan Ümummilli Liderin "Yeni Azərbaycan Partiyasını bir adam yaratmayıbdır" ifadəsi təkcə partiyanın təsis tarixçəsinə dair fikir deyil, həm də onun arxasında dayanan ictimai təşəbbüsün vurğulanması, ziyalılara olan etibarın, güvənin, inamın təcəssümüdür. Heydər Əliyev YAP-ın yaranmasını ayrı-ayrı şəxslərin siyasi ambisiyası kimi deyil, həmin dövrün siyasi reallıqlarından doğan proses kimi xarakterizə edirdi. O, partiyanın təsisçilərinin qarşısında dayanan əsas məsələnin şəxsi siyasi mövqe əldə etmək deyil, Azərbaycan dövlətçiliyinin qorunması və ölkənin gələcək inkişafı üçün siyasi təşkilatlanma yaratmaq olduğunu qətiyyətlə bildirirdi.
1992-ci ilin noyabrında YAP-ın təsis konfransının keçirilməsi də məhz bu prosesin nəticəsi oldu. Ümummilli Liderə 91 ziyalının "Azərbaycan Sizin sözünüzü gözləyir" başlıqlı müraciəti də 16 oktyabr 1992-ci ildə məhz "Səs" qəzetində nəşr olunmuşdu. Naxçıvanda keçirilən konfransda partiyanın yaradılması rəsmiləşdirildi və Heydər Əliyev partiyanın sədri seçildi. Beləliklə, əvvəlcə ziyalıların və ictimaiyyət nümayəndələrinin təşəbbüsü kimi meydana çıxan ideya öz xalqının taleyindən narahat olan dahi liderin Azərbaycanın gələcək taleyi yolunda atdığı ən mühüm addım oldu.
Heydər Əliyev öz çıxışlarında YAP-ın tarixini yalnız öz siyasi fəaliyyəti ilə izah etmirdi, o hər zaman partiyanın yaradılmasında iştirak edən insanların əməyini də ön plana çəkirdi. Bu yanaşma YAP-ın yaranma tarixində kollektiv təşəbbüsün və ictimai dəstəyin roluna verilən xüsusi əhəmiyyəti, dahi liderin ictimai insanlara, ziyalılara göstərdiyi etimadı da göstərirdi.
Lalə Mehralı