"Prezidentin açıqlaması Azərbaycanın xarici siyasətində prinsipial mövqeyini önə çıxarır" - POLİTOLOQ DANIŞDI

2 Oktyabr 2026 15:11 (UTC+04:00)

"Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə nitq söyləyib".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib:

"Prezident İlham Əliyev çıxışı zamanı bildirib. Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın, heç vaxt imkan verməzdi ki, separatizm meylləri Qarabağda yer alsın. Dövlət başçısı vurğulayıb ki, ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı.

İlk öncə deyim ki, ilk dəfə deyil ki, Prezident bu haqda danışır. Xüsusilə münaqişədən danışarkən Ümummilli Liderin münaqişənin həllinə dair fəaliyyətini, hakimiyyətdə olmadığı dönəmlərdəki vəziyyəti qeyd edir. Hesab edirəm ki, bu, təsadüfi deyil.

Məsələ ondadır ki, Qarabağ probleminin yaranması və dərinləşməsində Heydər Əliyevin həmin dövrdə Azərbaycanda olmaması mühüm paraleldir. Çünki 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Azərbaycanda mərkəzi hakimiyyət zəifləmiş, siyasi idarəçilik böhranı yaranmış, paralel olaraq Qarabağda separatizm güclənmişdi. Prezident bu tarixi mənzərədə Heydər Əliyevin yoxluğunu mühüm siyasi amil kimi təqdim edir.

“Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verməzdi” ifadəsi də məhz bunun üzərində qurulub. Diqqətlə baxdıqda qeyd olunan fikir təkçə H. Əliyevin yoxluğu ilə məhdudlaşmır. Yəni burada söhbət güclü hakimiyyət və idarəçilik məsələsindən gedir. Həqiqətən də, həmin vaxt Azərbaycanda siyasi iradə və mərkəzləşdirilmiş idarəçilik daha güclü olsaydı, separatizm prosesinin bu miqyasda inkişaf etməsinin qarşısı alına bilərdi. Bu isə bir daha Heydər Əliyevin Azərbaycan tarixindəki rolunun əhəmiyyətini göstərir.

Prezident İlham Əliyevin çıxışı zamanı həmçininqoy deib ki, Heç vaxt hansısa ölkəyə qarşı iküzlülük, riyakarlıq göstərməmişik. “Halbuki belə münasibətlərlə dəfələrlə üzləşmişdik və bu gün də üzləşirik”, - deyən dövlətimizin başçısı qeyd edib ki, amma biz heç vaxt onlar kimi ola bilmərik.

“Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq. Bizim timsalımızda hər kəs görə bilər ki, bu mümkündür”, - Prezident vurğulayıb.

Məncə Prezident İlham Əliyevin bu fikirləri də təsadüfi deyil. Xüsusilə son illərdə Azərbaycanın həm qonşuları, həm də Qərb ölkələri ilə münasibətlərində yaşanan proseslər fonunda bu açıqlama siyasi mesajlar daşıyır. Prezident “iküzlülük və riyakarlıq” ifadəsini işlətməklə Azərbaycanın özünə qarşı məhz belə münasibətlərlə dəfələrlə üzləşdiyini vurğulayır.

Əslində, Azərbaycan uzun illər ərzində həm İran, həm Rusiya, həm də Avropa ölkələri ilə münasibətlərdə öz maraqlarını qorumaqla yanaşı, qarşı tərəfin maraqlarını da nəzərə almağa çalışıb. Lakin qarşı tərəflərin Azərbaycana münasibəti həmişə eyni prinsip üzərində qurulmayıb. Prezidentin çıxışındakı “dəfələrlə üzləşmişdik və bu gün də üzləşirik” ifadəsi də məhz bu təcrübəyə işarədir.

Xüsusi ilə İran və Rusiyadan Azərbaycana qarşı fərqli mövqelərin və siyasi dairələrin mövcudluğu bu gün də açıq şəkildə özünü göstərir. Bu baxımdan Prezidentin “biz heç vaxt onlar kimi ola bilmərik” deməsi, qarşı tərəfin davranışına eyni üsulla cavab verməkdən imtina edən siyasi xəttin ifadəsidir.

Qərblə münasibətlərdə isə məsələ daha çox ikili standartlar müstəvisində ortaya çıxıb. Azərbaycan uzun illər ərzində Qarabağ məsələsində beynəlxalq hüquqa, ərazi bütövlüyünə və BMT qətnamələrinə istinad edib, eyni zamanda Qərb ölkələrinin bu prinsiplərə münasibətində ardıcıllıq olmadığını dəfələrlə bildirib. Prezidentin bu çıxışda “ləyaqətlə siyasət aparmaq” fikrini xüsusi vurğulaması da həmin kontekstdə diqqət çəkir. Yəni Azərbaycan özünün digər dövlətlərə münasibətində eyni standartı tətbiq etdiyini, qarşı tərəfin mövqeyindən asılı olaraq prinsip dəyişmədiyini göstərmək istəyir.

Ölkə başçısı çıxışı zamanı qeyd edib ki, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır. Bizim şanlı Zəfər qazandığımızı, bu gün Azərbaycanla Ermənistan arasında münaqişənin olmadığını və digər amilləri sadalayan dövlət başçısı bunun (hərbi gücümüzün artırılması – red.) nə üçün lazım olduğuna aydınlıq gətirərək qeyd edib:

“Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib”.

Prezident İlham Əliyevin hərbi gücün artırılmasını “əsas vəzifələrdən biri” kimi göstərməsi də təsadüfi deyil. Xüsusilə Azərbaycan 44 günlük müharibə və lokal xarakterli antiterror əməliyyatlarından sonra regionda yeni reallıq formalaşdırıb. Bu gün real mühairbə vəziyyəti və ya regionda hərbi əməliyatlar yoxdur. Lakin Azərbaycanın gələcəkdə mümkün təhdidlərə qarşı hazırlıqlı olmalıdır.

Məncə prezidentin fikrində diqqət çəkən əsas məqam “bu, həmişə lazımdır, hər bir ölkə üçün” deməsidir. Yəni söhbət konkret olaraq mövcud münaqişənin yenidən başlaması ehtimalından getmir. Əksinə, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, müharibənin başa çatması hərbi gücə ehtiyacı aradan qaldırmır. Çünki regionda siyasi vəziyyət dəyişə bilər, yeni təhlükələr və yeni güc balansları yarana bilər.

Digər tərəfdən, Azərbaycanın keçmişdə ərazi bütövlüyü ilə bağlı yaşadığı proseslər də bu yanaşmanın əsas səbəblərindən biridir. Prezidentin “xalqımız bu faciə ilə üzləşib” ifadəsi təsadüfi seçilməyib. Burada əsas mesaj ondan ibarətdir ki, Azərbaycan bir daha zəif vəziyyətə düşərək başqalarının qərarlarından asılı qalmaq istəmir.

Bu açıqlamanın başqa bir tərəfi də regiondakı güc balansıdır. Azərbaycan hərbi imkanlarını artırmaqla təkcə mümkün müharibəyə hazırlaşmır, eyni zamanda öz təhlükəsizliyini və siyasi manevr imkanlarını qorumağa çalışır. Çünki beynəlxalq münasibətlərdə hərbi güc dövlətin xarici siyasətdə çəkisini müəyyən edən əsas amillərdən biridir".