"İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun keçirilməsini Azərbaycanın investisiya siyasəti baxımından mühüm hadisə hesab edirəm. Sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə forum çərçivəsində imzalanmış sənədlərin mübadiləsi keçirildi". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib.
İqtisadçı-ekspert bildirib ki, forum çərçivəsində ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan 23 sənədin imzalanması Azərbaycanın beynəlxalq investorlar üçün maraq dairəsinin genişləndiyini göstərən mühüm göstəricidir:
"Burada əsas məsələ təkcə 10,8 milyard dollarlıq rəqəm deyil. Daha vacib məqam həmin investisiyaların hansı istiqamətlərə yönəlməsidir. Sənədlər enerji ilə yanaşı rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, su təsərrüfatı, şəhər inkişafı və digər sahələri əhatə edir. Bu isə Azərbaycanın investisiya gündəliyinin tədricən daha çoxşaxəli xarakter aldığını göstərir.
Azərbaycan iqtisadiyyatı uzun illər ərzində xarici investisiyaların mühüm hissəsini enerji sektorunda cəmləşdirib. Bu, ölkənin enerji potensialı baxımından təbiidir. Lakin növbəti mərhələdə əsas hədəf investisiyanın iqtisadiyyatın digər sahələrində də yüksək əlavə dəyər yaratmasıdır. Forumun gündəliyində rəqəmsal iqtisadiyyatın, süni intellektin, qeyri-maddi aktivlərin, insan kapitalının, turizmin və şəhər inkişafının ayrıca müzakirə olunması bu baxımdan diqqət çəkir. Azərbaycanın regional investisiya və logistika mərkəzi kimi mövqeyinin gücləndirilməsi önəmli məsələdir. Dünyada təchizat zəncirlərinin yenidən formalaşdığı, geosiyasi risklərin artdığı bir dövrdə kapital yalnız bazarın ölçüsünə görə deyil, həm də ölkənin logistika imkanlarına, enerji təminatına, regional bağlantılarına və siyasi-iqtisadi sabitliyinə görə istiqamətlənir. Forumun Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinə həsr olunması da bu kontekstdə təsadüfi deyil. Enerji istiqamətində imzalanan sənədlər də xüsusi əhəmiyyət daşıyır. “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarının, eləcə də SOCAR ilə “Comstock Resources” arasında strateji tərəfdaşlığa dair çərçivə sazişinin mübadiləsi Azərbaycanın enerji sektorunda yeni investisiya mərhələsinin davam etdiyini göstərir.
Mənim fikrimcə, forumun Azərbaycan üçün əsas iqtisadi əhəmiyyəti ölkənin investisiya cəlbediciliyinin yalnız kapitalın həcmi ilə deyil, kapitalın keyfiyyəti ilə də ölçülməsi mərhələsinə keçməsidir. Yəni məsələ artıq yalnız “Azərbaycana nə qədər investisiya gələcək?” sualı deyil. Əsas sual həmin investisiyanın ölkədə nə qədər istehsal, ixrac, texnologiya transferi, yeni iş yeri və əlavə dəyər yaradacağıdır. 10,8 milyard dollarlıq sənədlər mühüm başlanğıcdır. Lakin sənədin imzalanması ilə investisiya prosesi başa çatmır. Əsas mərhələ bundan sonra başlayır: layihələrin maliyyələşdirilməsi, icrası, istehsal güclərinin yaradılması, texnologiyaların gətirilməsi və həmin layihələrin yerli iqtisadiyyatla əlaqələndirilməsi.
Xüsusilə yerli şirkətlərin bu investisiya layihələrinin podrat, təchizat və xidmət zəncirinə cəlb edilməsi vacibdir. Əks halda investisiyanın iqtisadiyyata təsiri əsasən layihənin öz sərhədləri daxilində qala bilər. Əgər yerli bizneslər də bu zəncirə inteqrasiya olunarsa, investisiyanın multiplikativ təsiri daha yüksək olar. Bu baxımdan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu Azərbaycanın özünü yalnız investisiya qəbul edən ölkə kimi deyil, beynəlxalq kapital, texnologiya və biznes üçün regional platforma kimi təqdim etdiyi mühüm iqtisadi dialoq meydanı kimi qiymətləndirmək olar. İndi əsas məsələ forumda imzalanan sənədlərin real investisiyaya çevrilməsi və həmin investisiyaların Azərbaycan iqtisadiyyatında davamlı əlavə dəyər yaratmasıdır. Əsl nəticəni məhz bu göstəricilər müəyyən edəcək".