“Etibarlı informasiya müasir jurnalistikanın əsas prinsiplərindən olmalıdır” -QULU MƏHƏRRƏMLİ

2 Oktyabr 2026 15:01 (UTC+04:00)

“Bu gün informasiya ilə bağlı bütün sahələrdə auditoriyaya mötəbər, etibarlı və doğru məlumatın çatdırılması ciddi məsələlərdən birinə çevrilib”.

Bunu SİA-ya açıqlamasında Əməkdar jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli deyib.

O bildirib ki, AGM-in rəhbərliyi və himayəsi altında təşkil olunan forumda müxtəlif ölkələrdən olan nümayəndələrin çıxışları informasiya etibarlılığının təmin edilməsi baxımından mühüm məsələləri önə çıxarıb:

Q.Məhərrəmlinin sözlərinə görə, xüsusilə müxtəlif dövlət quruluşlarına malik ölkələrin yerləşdiyi region üçün sabit, etibarlı və mötəbər informasiya mühüm əhəmiyyət daşıyır.

Professor qeyd edib ki, Avropada da peşəkar jurnalistika və klassik televiziya kanalları informasiya məkanında mühüm rolunu qoruyur: “Əhalinin böyük hissəsi, təxminən 70 faizi, məlumatları televiziyadan əldə edir. Bununla yanaşı, sosial şəbəkələrin informasiya məkanındakı rolu da getdikcə artır”.

Q.Məhərrəmli vurğulayıb ki, sosial şəbəkələrdə demokratik informasiya mühiti görüntüsü yaransa da, burada yalan, təxribat xarakterli məlumatlar və müxtəlif qüvvələr tərəfindən idarə olunan informasiya oyunları geniş yayılır. Onun sözlərinə görə, bu baxımdan əsas məsələlərdən biri operativliklə dəqiqlik arasında düzgün balansın müəyyənləşdirilməsidir.

“Birinci növbədə dəqiq və balanslı məlumat əsas keyfiyyət göstəricisi olmalıdır. Operativlik də mühüm şərtdir, lakin məlumatın sürətli şəkildə çatdırılması onun dəqiqliyini kölgədə qoymamalıdır. Məlumat hansı mənbədən əldə olunmasından asılı olmayaraq, ictimaiyyətə təqdim edilməzdən əvvəl mütləq dəqiqləşdirilməlidir”, - deyə professor bildirib.

O qeyd edib ki, informasiya mənbələrinin çoxaldığı bir şəraitdə etibarlı məlumatın ön plana çıxarılması üçün peşəkar yanaşmaya xüsusi diqqət yetirilməlidir. Q.Məhərrəmlinin sözlərinə görə, mötəbər və dəqiq məlumatların dezinformasiya fonunda daha aydın görünməsi də vacibdir.

“Dezinformasiya xarakterli məlumatlar çox zaman daha cəlbedici formada təqdim olunur. Yalan və qeyri-adi məzmunun geniş yayılması informasiyanın ümumi etibarlılığına ciddi kölgə salır”, - deyə o əlavə edib.

Professor hesab edir ki, bunun əsas yollarından biri mötəbər informasiya mənbələrinin sayının artırılması və onların operativ fəaliyyət göstərməsidir. O, həmçinin süni intellektin informasiya siyasətinə təsirinin və yanlış məlumatların yayılmasının artmasının jurnalistikada məlumatın keyfiyyəti məsələsini daha da aktuallaşdırdığını bildirib.

Q.Məhərrəmli vurğulayıb ki, peşəkarlıq, dəqiqlik və etibarlılıq müasir jurnalistikanın və informasiya siyasətinin əsas prinsipləri sırasında yer almalıdır.