“Azərbaycanın yeni reallıqları YAP qarşısında yeni vəzifələr qoyur” - Hikmət Babaoğlu

2 Oktyabr 2026 14:44 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının VIII qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisədir. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev açılış nitqi ilə çıxış edib.

Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu SİA-ya açıqlamasında deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yolu xatırladaraq, ötən illər ərzində partiyanın əldə etdiyi mühüm nailiyyətlər və tarixi nəticələr barədə danışıb. Onun sözlərinə görə, ilk dəfədir ki, YAP-ın qurultayı Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpa olunmasından sonra keçirilir.

Hikmət Babaoğlu qeyd edib ki, 2021-ci ildə VII qurultay keçirilərkən Azərbaycanın ərazi bütövlüyü bərpa olunsa da, dövlət suverenliyinin tam təmin olunması prosesi 2023-cü ilin sentyabrında başa çatıb. Deputat hesab edir ki, bu nəticə Yeni Azərbaycan Partiyasının fəaliyyəti baxımından mühüm göstəricilərdən biri kimi qiymətləndirilə bilər.

Deputatın sözlərinə görə, Prezident çıxışında vətəndaşların sosial rifahı, Böyük Qayıdış prosesi, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, sülh gündəliyi və Azərbaycanın beynəlxalq nüfuzunun artması kimi məsələlərə də toxunub.

Hikmət Babaoğlu bildirib ki, Azərbaycanın dünya siyasətində söz sahibi olan dövlətlərdən birinə çevrilməsi də qeyd olunan mühüm məsələlər sırasında yer alıb.

Deputat vurğulayıb ki, əldə olunan nəticələr Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt və dövlətçilik strategiyası ilə əlaqələndirilir. Onun sözlərinə görə, bu siyasi xətt bu gün də davam etdirilir.

“Yeni reallıq şəraitində partiyamızın qarşısında yeni məqsəd və vəzifələr dayanır. Əminəm ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü qarşıya qoyulan vəzifələrin və tapşırıqların həyata keçirilməsi üçün üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcək”, – deyə Hikmət Babaoğlu əlavə edib.