"Qidaların üzərində bəzi patogen mikroorqanizmlər gözlə görünmədən qala bilər və məhsulun görünüşü, qoxusu və dadı normal olsa belə, sağlamlıq üçün risk yarada bilər. Buna görə gündəlik qidalanmada xüsusilə çiy və ya az bişmiş heyvan mənşəli məhsullara diqqət etmək lazımdır".
Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.
_(1)_(1)_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, ən riskli qruplara çiy və ya az bişmiş ət, toyuq və digər quş əti, balıq və dəniz məhsulları, yumurta və onlardan hazırlanan yeməklər, həmçinin pasterizə olunmamış süd və süd məhsulları daxildir:
"Bu məhsullarda Salmonella, Campylobacter, Listeria, E. coli kimi xəstəliktörədən mikroorqanizmlər ola bilər. Çiy tərəvəz, meyvə, göyərti və hazır salatlar da torpaq, su, avadanlıq və ya insan əlləri vasitəsilə mikrobioloji çirklənməyə məruz qala bilər.
Hazır, bişmiş və soyuducuda saxlanılan qidalar da diqqət tələb edir. Xüsusilə düyü, makaron, ət yeməkləri və digər bişmiş məhsullar otaq temperaturunda uzun müddət saxlanıldıqda bəzi bakteriyaların çoxalması və toksin əmələ gətirməsi mümkündür.
Riskin azaldılması üçün çiy və bişmiş qidaları bir-birindən ayırmaq, əlləri və mətbəx səthlərini təmiz saxlamaq, məhsulları kifayət qədər bişirmək, tez xarab olan qidaları soyuducuda saxlamaq və saxlanma müddətinə riayət etmək vacibdir. Xüsusilə hamilələr, azyaşlı uşaqlar, yaşlılar və immun sistemi zəif şəxslər bu qidaların seçimi və hazırlanmasında diqqətli olmalıdırlar".