"Bakıda istismar müddəti bitmiş binaların sayı kifayət qədər çoxdur. Lakin bu binaların mərhələli şəkildə sökülməsi ilə bağlı rəsmi açıqlamalar olduqca azdır. Vətəndaşlar uzun müddətdir istismar müddəti bitmiş, hətta qəzalı və qismən qəzalı vəziyyətdə olan binalarda yaşayırlar".
Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.
.jpg)
Onun sözlərinə görə, təkcə Bakı şəhərində istismar müddəti bitmiş 20 minə yaxın çoxmənzilli binanın olduğu bildirilir. Bunlar əsasən beşmərtəbəyə qədər olan binalardır:
"Son dövrlərdə ayrı-ayrı ərazilərdə istismar müddəti bitmiş və qəzalı binaların söküləcəyi ilə bağlı müəyyən açıqlamalar verilir. Dövlət hesabına sökülməsi nəzərdə tutulan binalar da var. Bunlar, adətən, uzun müddətdir problem kimi qeydiyyatda olan tikililərdir və belə binaların yerində bəzi hallarda parkların salınması nəzərdə tutulur.
Digər binaların böyük hissəsi isə tikinti şirkətləri tərəfindən sökülərək yenidən inşa edilməli olan yaşayış fonduna daxildir. Məsələn, Birinci mikrorayon ərazisində 30-dan çox bina və təxminən 2 min mənzil var. Burada sakinlər istismar müddəti bitmiş, qəzalı və qismən qəzalı binalarda yaşayırlar. Fövqəladə Hallar Nazirliyinin müvafiq rəylərinə əsasən, həmin binaların bir hissəsi qəzalı və qismən qəzalı kimi qeydiyyata alınıb.
Müvafiq sənədlərin 2017-ci ilin yazında Nazirlər Kabinetinə təqdim edildiyi və Nazirlər Kabinetinin 83 saylı qərarı ilə Birinci mikrorayondakı binaların sökülməsinin nəzərdə tutulduğu bildirilir. Artıq bunun üzərindən təxminən doqquz il yarım keçib, lakin bu istiqamətdə ciddi irəliləyişin olmadığı görünür. Birinci mikrorayon bu baxımdan problemin miqyasını göstərən nümunələrdən biridir.
Ümumilikdə isə istismar müddəti bitmiş binaların mərhələli şəkildə aradan qaldırılması ilə bağlı genişmiqyaslı dövlət proqramının olmaması ciddi problemdir. Hazırda Bakı şəhərinin 2023-cü ilin dekabrında təsdiq edilmiş baş planı mövcuddur. Baş planda müxtəlif ərazilərin gələcək inkişaf istiqamətləri və yaşayış zonaları müəyyənləşdirilib. Lakin istismar müddəti bitmiş təxminən 20 min binanın sökülməsinə dair ayrıca və konkret dövlət proqramı yoxdur.
Bundan əvvəl şəhərin ayrı-ayrı ərazilərində köhnə binaların sökülməsi ilə bağlı layihələr də həyata keçirilib. Məsələn, təxminən il yarım əvvəl təsdiqlənmiş layihələrdən birində 190-a yaxın bina qeydiyyata alınmışdı. Bunların arasında Bayıl ərazisində yerləşən, yaşı 150-200 ilə çatan köhnə tikililər də vardı. Tarixi əhəmiyyət daşıyan binaların qorunması nəzərdə tutulub, digər tikililərin isə sökülməsi ilə bağlı qərarlar qəbul edilib və proses hazırda həyata keçirilir.
Digər tərəfdən, daşınmaz əmlak bazarında qiymətlərin yüksək olması köhnə yaşayış fonduna da təsir göstərir. 2020-ci ildən bu günə qədər ilkin daşınmaz əmlak bazarında qiymətlərin əhəmiyyətli dərəcədə artdığı müşahidə olunur. Nəticədə vətəndaşlar həm köhnəlmiş yaşayış fondu ilə üzləşir, həm də yeni mənzil almaq istədikdə yüksək qiymətlərlə qarşılaşırlar.
Qəzalı və qismən qəzalı binalarda mənzillərin satışına müəyyən hallarda rəsmi məhdudiyyətlər qoyulur. Binaların texniki vəziyyətinin, dayanıqlığının və qəza riskinin qiymətləndirilməsi ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır. Lakin bu prosesin nə dərəcədə intensiv həyata keçirildiyini demək çətindir.
Əvvəllər bu istiqamətdə müəyyən mexanizmlər də mövcud olub. Məsələn, 2016-cı ildə qəbul edilmiş müvafiq qərara əsasən, yerli icra hakimiyyəti orqanları öz ərazilərində istismar müddəti bitmiş binaların yenilənməsi prosesinə tikinti şirkətlərini cəlb edə bilirdilər. Bunun nəticəsində Bakının müxtəlif ərazilərində çoxsaylı binaların sökülərək yenidən tikilməsi həyata keçirilib. Sonrakı dövrdə həmin mexanizmin ləğv edilməsi ilə bu istiqamətdə fəaliyyət zəifləyib.
Hazırda tikinti sektorunda yeni layihələrin sayının əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə azalması da müşahidə olunur. Bu baxımdan istismar müddəti bitmiş binaların yenilənməsi üçün tikinti şirkətləri arasında rəqabətli mexanizmlərin yaradılması müsbət nəticə verə bilər. Məsələn, ayrı-ayrı binaların və ya yaşayış massivlərinin yenilənməsi ilə bağlı layihələrin açıq şəkildə elan olunması həm vətəndaşların məlumatlandırılmasına, həm də tikinti şirkətlərinin bu sahədə fəallığının artırılmasına imkan yarada bilər.
Təəssüf ki, son illərdə tikinti sektorunda müşahidə olunan aktivliyin azalması fonunda daşınmaz əmlakın qiymətləri artmaqda davam edir, vətəndaşlar isə istismar müddəti bitmiş binalarda yaşamağı davam etdirirlər. Birinci mikrorayon nümunəsində olduğu kimi, bəzi binaların qəzalı vəziyyətdə olduğu rəsmən müəyyənləşdirilsə də, illər keçməsinə baxmayaraq, onların yenilənməsi ilə bağlı konkret işlərin gecikməsi problemin aktuallığını qoruyur.
Birinci mikrorayon kimi Bakı şəhərində istismar müddəti bitmiş, qəzalı və qismən qəzalı vəziyyətdə olan kifayət qədər yaşayış binası mövcuddur. Bu səbəbdən problemin ayrı-ayrı binalar üzrə deyil, daha geniş və sistemli yanaşma əsasında həllinə ehtiyac var".