"Dünya dəyişir, dünya yenidən formalaşır, bölünür. Böyük güclər arasında gedən proseslər fonunda hər bir ölkə öz potensial təhlükəsizliyini təmin etmək üçün müxtəlif təşkilatlarda birləşmək istəyir. Türk Dövlətləri Təşkilatı da, bildiyiniz kimi, 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan Sazişi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş beynəlxalq təşkilatdır. Bu təşkilat hökumətlərarası təşkilat kimi yaradılıb və əsas məqsədi türk dövlətləri arasında hərtərəfli əməkdaşlığı təşviq etməkdir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, hazırda bu təşkilatın 5 üzvü var: "Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan. 3 müşahidəçi üzvü isə Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasıdır. Onu da demək çox vacibdir ki, son illər Türk Dövlətləri Təşkilatı arasında əlaqələr həddindən artıq yaxınlaşıb, münasibətlər istiləşib. Artıq bu sahədə Azərbaycan Prezidenti çox böyük işlər aparır. Xüsusilə Mərkəzi Asiya ölkələrinə tez-tez səfərlər edir, onların liderləri Azərbaycana gəlirlər və hər bir ölkə ilə strateji əməkdaşlıq haqqında müqavilələr imzalamışıq. Birgə hərbi təlimlər keçirilir.
Onu da nəzərə çatdırmaq lazımdır ki, Türk Dövlətləri Təşkilatının üzvlərinin ümumi əhalisinin sayı 3 milyondan çoxdur və bu da böyük bir gücdür. Təbii ki, indiki reallıqda, geosiyasi reallıqda bunu nəzərə almaq lazımdır.
Artıq dünyanın bir çox regionlarında müharibələr gedir. Yaxın Şərqdə, o cümlədən Rusiya-Ukrayna müharibəsində, İsrail-Livan, İsrail-Fələstin və digər istiqamətlərdə toqquşmalar, müharibələr gedir. Belə bir şəraitdə Türk Dövlətləri Təşkilatı da özlərinin təhlükəsizliyini təmin etmək üçün son illər hərbi sahəni daha da inkişaf etdirir və bu da təşkilatın gələcəkdə təhlükəsizliyinin təmin olunmasına gətirib çıxarır.
Hazırda türk dövlətlərinin hərbi əməkdaşlığının yeni bir hərbi blokda birləşməsi haqqında hələlik məsələ yoxdur. Ancaq biz buna doğru gedirik və bu, çox vacibdir, lazımdır.
Ona görə də Azərbaycan Prezidentinin son illərdə apardığı siyasi siyasətin əsas istiqamətlərindən biri türk dövlətlərinin inkişaf etdirilməsi, bir-birinə inteqrasiya etməsi və o cümlədən hərbi sahədə əməkdaşlığın gücləndirilməsidir.
Hesab edirəm ki, biz yaxın zamanlarda TDT-nin vahid hərbi blokunun da yaradılacağını görə bilərik. Çünki indiki real şərait, indiki geostrateji məqam bunu tələb edir və hər bir dövlətin təhlükəsizliyinə bu təşkilatın cavabdeh olacağı da nəzərdə tutulmalıdır. Çünki təhlükəsizlik olmasa, birləşmə olmasa, o zaman hər bir ölkə üçün çətin olar.
Ancaq bu yarandıqdan sonra hesab edirəm ki, bu, regionda yeni bir təhlükəsizlik blokunun və yeni aktorun meydana gəlməsinə şərait yaradacaq. Hesab edirəm ki, bizim yolumuz türk dövlətlərinin daha güclü olması, daha da birləşməsi, əsasən hərbi cəhətdən vahid bir hərbi güc, hərbi qüvvə kimi meydana gəlməsidir".