“Azərbaycanın hesabat dövründə siyasi, iqtisadi və hərbi gücünü ardıcıl şəkildə möhkəmləndirməsi dövlətimizin beynəlxalq nüfuzunun və regional mövqelərinin daha da güclənməsinə şərait yaradıb”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Musa Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, qurultaylararası dövr Azərbaycan tarixinin mühüm və taleyüklü mərhələlərindən biri olub. Onun sözlərinə görə, bu illər ərzində ölkənin siyasi, iqtisadi və hərbi imkanları gücləndirilib, beynəlxalq nüfuzu və regional mövqeləri daha da möhkəmlənib.
M.Quliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının gücü xalqın ona olan etimadında, cəmiyyətin müxtəlif təbəqələrini ümummilli məqsədlər ətrafında birləşdirmək və qarşıya qoyulan vəzifələri həyata keçirmək qabiliyyətindədir.
Deputat vurğulayıb ki, YAP ulu öndər Heydər Əliyevin siyasi irsinə bağlı olan insanların partiyasıdır. O bildirib ki, bu siyasi irs güclü dövlətçilik, azərbaycançılıq, milli həmrəylik, siyasi sabitlik, iqtisadi inkişaf və Azərbaycanın milli maraqlarının müdafiəsi prinsiplərini özündə birləşdirir.
M.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strategiyanın yeni mərhələsi başlayıb. Onun sözlərinə görə, həmin mərhələnin əsas nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra, 2023-cü ilin sentyabrında keçirilmiş hərbi əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi bərpa olunub.
O, qurultaylararası dövrdə YAP-ın təşkilati fəaliyyətində də mühüm işlərin görüldüyünü deyib. M.Quliyevin sözlərinə görə, partiyanın təşkilati strukturunun təkmilləşdirilməsi, uçot və nəzarət mexanizmlərinin gücləndirilməsi, maliyyə hesabatlılığı və şəffaflığın artırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib.
M.Quliyev qeyd edib ki, hesabat dövründə YAP-ın sıraları genişlənib, partiyanın təşkilatlanması güclənib, gənclərin sayı və fəallığı artıb.
Deputat seçkilərin də siyasi partiyaların fəaliyyətində mühüm göstəricilərdən biri olduğunu bildirib. O qeyd edib ki, YAP yarandığı gündən seçkilərdə iştirak edib və ölkənin siyasi həyatında aparıcı rol oynayıb.
M.Quliyev hesabat dövrünün koronavirus pandemiyası ilə mübarizə dövrü kimi də yadda qaldığını vurğulayıb. Onun sözlərinə görə, pandemiya zamanı vətəndaşlara tibbi, sosial, hüquqi və psixoloji dəstək göstərilib.
Deputat bildirib ki, həmin dövrdə Birinci vitse-prezident Mehriban Əliyevanın irəli sürdüyü “Biz birlikdə güclüyük” çağırışı cəmiyyətin pandemiya ilə mübarizə tədbirləri ətrafında həmrəyliyinə töhfə verib.
M.Quliyev qeyd edib ki, əldə olunan nəticələrin siyasi və ideoloji mənbələrindən biri Heydər Əliyev yolu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsidir.
O bildirib ki, qarşıda qələbənin qorunması, davamlı sülhün təmin olunması, Qarabağ və Şərqi Zəngəzurun inkişaf etdirilməsi, iqtisadiyyatın gücləndirilməsi və insan kapitalının inkişafı kimi mühüm vəzifələr dayanır.