“YAP beynəlxalq siyasi platformalarda əməkdaşlığı genişləndirib” - YAP sədrinin müavini

2 Oktyabr 2026 11:43 (UTC+04:00)

“Yeni Azərbaycan Partiyası AİKCAP çərçivəsində keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edib və bu platformada siyasi partiyalar arasında fikir mübadiləsinin və əməkdaşlığın genişləndirilməsinə töhfə verib”.

SİA xəbər verir ki, bu sözləri YAP sədrinin müavini Tahir Budaqov Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, YAP AİKCAP-ın 20 illik yubileyinə həsr olunmuş videokonfranslarda, onlayn formatda keçirilən Büro iclasında, eləcə də Daimi Komitənin 45-ci iclasının xüsusi sessiyasında videoformatda iştirak edib.

T.Budaqov qeyd edib ki, YAP AİKCAP tədbirlərinə ev sahibliyi etmək ənənəsini də davam etdirib. Onun sözlərinə görə, 2022-ci il noyabrın 22-də YAP-ın ev sahibliyi ilə Bakıda “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyalararası...” mövzusunda keçirilən AİKCAP konfransında Türkiyə, Qazaxıstan, Özbəkistan, Vyetnam, Kamboca, Laos, Rusiya, Şimali Makedoniya, Cənubi Koreya və Malayziyadan 12 siyasi partiyanın nümayəndələri iştirak edib.

YAP sədrinin müavini bildirib ki, 2025-ci il oktyabrın 17-də Bakıda keçirilən AİKCAP Daimi Komitəsinin 44-cü iclasında və “Milli müttəfiqlikdə qlobal əməkdaşlıq: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusunda AİKCAP Partiya Siyasi Mədəniyyət Şurasının 4-cü iclasında 19 siyasi partiyanın nümayəndələri iştirak edib.

O əlavə edib ki, YAP nümayəndə heyətləri AİKCAP-ın Çexiya, Cənubi Koreya, Türkiyə, Monqolustan, Nepal, Tailand, Kamboca, Rusiya və digər ölkələrdə keçirilən tədbirlərində də fəal iştirak edib.

T.Budaqovun sözlərinə görə, AİKCAP-ın seçki müşahidə missiyaları 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərini və həmin il sentyabrın 1-də keçirilmiş parlament seçkilərini müşahidə etmək üçün Azərbaycanda səfərdə olub. YAP nümayəndələri isə 2023-cü il iyulun 23-də Kambocada keçirilmiş parlament seçkilərini AİKCAP missiyasının tərkibində müşahidə ediblər.

YAP sədrinin müavini bildirib ki, partiya Demokratiya və Seçkiyə Dəstək üzrə Beynəlxalq Təşkilatın müşahidəçi üzvü kimi də qurumun tədbirlərində fəal iştirak edib.

O qeyd edib ki, ötən dövrdə YAP nümayəndələri ATƏT-in İcra Komitəsi və Baş Assambleyanın onlayn iclaslarında, eləcə də qurumun təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak ediblər.