“YAP-ın Türkiyə və Çin siyasi partiyaları ilə əlaqələri yeni mərhələyə yüksəlib” - Tahir Budaqov

2 Oktyabr 2026 11:24 (UTC+04:00)

“Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə əlaqələrin əhatə dairəsi genişləndirilərək tamamilə yeni müstəviyə qaldırılıb”.

SİA xəbər verir ki, bu sözləri YAP sədrinin müavini Tahir Budaqov Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, hesabat dövründə YAP ilə AK Parti arasında müxtəlif mövzularda videokonfranslar keçirilib, partiyalararası əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

T.Budaqov qeyd edib ki, 2021-ci il iyulun 2-də YAP nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində AK Parti ilə YAP arasında əməkdaşlıq protokolu imzalanıb. Onun sözlərinə görə, hesabat dövründə YAP nümayəndə heyətlərinin Türkiyəyə 12, AK Parti nümayəndə heyətlərinin isə Azərbaycana 13 səfəri təşkil olunub.

YAP sədrinin müavini əlavə edib ki, Türkiyədə baş vermiş zəlzələ zamanı zərərçəkənlərə humanitar yardım göstərilməsi istiqamətində də müvafiq tədbirlər həyata keçirilib. O bildirib ki, AK Parti nümayəndələri YAP-ın yubiley tədbirlərində, Şuşada keçirilən beynəlxalq konfranslarda və digər siyasi tədbirlərdə fəal iştirak ediblər.

T.Budaqov vurğulayıb ki, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığını və müttəfiqliyini dəstəkləyən siyasi partiyalarla əlaqələrin inkişafı istiqamətində də görüşlər keçirilib. Onun sözlərinə görə, Türkiyənin Böyük Birlik Partiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub, nümayəndə heyətinin Bakı, Şuşa və Xankəndidə tarixi və mədəni abidələrlə tanışlığı təşkil edilib.

O, Çin Kommunist Partiyası ilə əlaqələrin də hesabat dövründə intensiv xarakter aldığını bildirib. T.Budaqovun sözlərinə görə, 2025-ci il aprelin 2-də ÇKP nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Azərbaycan-Çin strateji tərəfdaşlığı və əməkdaşlığın inkişafına həsr olunmuş konfrans keçirilib. 2026-cı il iyulun 18-dən 24-dək isə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

YAP sədrinin müavini qeyd edib ki, ÇKP nümayəndələri müxtəlif yubiley tədbirlərində, Şuşada keçirilən beynəlxalq konfranslarda, eləcə də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konqresinin Daimi Komitəsinin 44-cü sessiyasında iştirak ediblər.