“Hesabat dövründə YAP ilə 10 siyasi partiya arasında əməkdaşlıq sazişi imzalanıb” - TAHİR BUDAQOV

2 Oktyabr 2026 11:23 (UTC+04:00)

“Yeni Azərbaycan Partiyasının həyatında baş verən mühüm hadisələr, o cümlədən görüşlər, konfranslar, seminarlar və müşavirələr haqqında məlumatların media vasitəsilə ictimaiyyətə çatdırılmasına xüsusi diqqət yetirilib. Hesabat dövründə 28 mindən artıq materialın müxtəlif media vasitələrində yayımı təmin olunub”.

SİA xəbər verir ki, bu sözləri YAP sədrinin müavini Tahir Budaqov Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, “Yeni Azərbaycan” qəzetinin müasir tələblərə və standartlara uyğunlaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Onun sözlərinə görə, qəzetin səhifələrində xəbərlərlə yanaşı, aktual məsələlərə dair təhlil və araşdırma yazılarına, eləcə də tənqidi materiallara geniş yer verilib.

T.Budaqov qeyd edib ki, hesabat dövründə YAP-ın bir sıra ölkələrin aparıcı siyasi partiyaları və beynəlxalq təşkilatlarla siyasi dialoq və əməkdaşlığın genişləndirilməsi istiqamətində sistemli fəaliyyəti təmin olunub.

“Beynəlxalq əlaqələrin genişləndirilməsi məqsədilə videokonfransların, onlayn görüşlərin və birgə tədbirlərin keçirilməsinə, qarşılıqlı səfərlərin təşkilinə, eləcə də partiyalararası məlumat mübadiləsinə xüsusi diqqət yetirilib”, - deyə o vurğulayıb.

YAP sədrinin müavini bildirib ki, hesabat dövründə Yeni Azərbaycan Partiyası ilə 10 siyasi partiya arasında əməkdaşlıq sazişi imzalanıb və partiyanın beynəlxalq siyasi platformalarda iştirakı təmin edilib.

O əlavə edib ki, YAP-ın ev sahibliyi və tərəfdaş siyasi partiyaların iştirakı ilə 11 beynəlxalq konfrans keçirilib. Onlardan 3-ü videokonfrans formatında təşkil olunub.

T.Budaqovun sözlərinə görə, ikitərəfli əlaqələr və beynəlxalq konfranslarda iştirak çərçivəsində xarici siyasi partiyaların nümayəndələrinin Azərbaycana səfərləri də təşkil edilib.

O qeyd edib ki, bu səfərlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev 2021-ci il iyunun 26-da AK Partiya sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuşu, 2023-cü il iyunun 14-də AK Partiya sədrinin birinci müavini Binali Yıldırımı, 2025-ci il aprelin 3-də isə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Lü Çençaonu qəbul edib.

T.Budaqov bildirib ki, YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar 2022-ci il noyabrın 21-də keçirilən tədbirdə də bir sıra xarici siyasi partiyaların nümayəndələri iştirak edib.