“33 il əvvəl - 3 oktyabr 1993-cü ildə keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycanın inkişafının müəyyənləşməsində vacib siyasi hadisə idi. Bu seçkilərdə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi”.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
Onun sözlərinə görə, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra dövlət strategiyasının əsas istiqamətləri müstəqillik, təhlükəsizlik, ərazi bütövlüyü, iqtisadiyyatın bərpası, demokratik inkişaf və beynəlxalq inteqrasiya idi:
”1993-cü ilin siyasi mənzərəsi isə Azərbaycan qarşısında ciddi çağırışlar yaradırdı. Ölkədə hakimiyyət böhranı, silahlı qarşıdurma təhlükəsi və iqtisadi çətinliklər dövlət müstəqilliyinin gələcəyi ilə bağlı narahatlıqları artırmışdı.
Heydər Əliyevin 1993-cü ilin iyununda Bakıya qayıtması və iyunun 15-də Ali Sovetin sədri seçilməsi siyasi proseslərin mühüm dönüş nöqtələrindən biri oldu. İyunun 24-dən prezident səlahiyyətlərini həyata keçirməyə başlayan Ulu Öndərin oktyabrın 3-də Prezident seçilməsilə Azərbaycanın dövlətçilik tarixində yeni siyasi mərhələnin başlanğıcı formalaşdı. Dövlət idarəçiliyinin möhkəmləndirilməsi və ölkədə sabitliyin təmin olunması əsas prioritetlərdən birinə çevrildi.
Dövlət quruculuğunun hüquqi bazası formalaşdırıldı. Bunun ən mühüm nəticələrindən biri 12 noyabr 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi oldu. Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının, hakimiyyət bölgüsü prinsipinin hüquqi əsaslarını müəyyənləşdirdi. Ümummilli liderin söylədiyi kimi, “Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruldu”.
Dövlətin siyasi sabitliyinin təmin edilməsi ilk növbədə iqtisadi inkişafı şərtləndirirdi. Azərbaycanın yeni iqtisadi modelə keçidi, xarici investisiyaların cəlb edilməsi və ölkənin dünya iqtisadi sisteminə inteqrasiyası istiqamətində mühüm addımlar atıldı.
Bu siyasətin ən mühüm addımlarından biri 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması idi. Unikal Neft strategiyası Azərbaycanın enerji potensialının beynəlxalq iqtisadi əməkdaşlığın mühüm elementinə çevrilməsinə imkan yaratdı. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələr isə Azərbaycanın regional enerji və nəqliyyat xəritəsində mövqeyinin güclənməsinə xidmət edən uzunmüddətli strategiyanın tərkib hissəsinə çevrildi.
Beləliklə, enerji siyasəti iqtisadi gəlirlərlə yanaşı Azərbaycanın regional və beynəlxalq əlaqələrinin genişləndirilməsinə təkan oldu.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasında azərbaycançılıq ideologiyası xüsusi yer tuturdu. Bu, milli dövlətçilik, milli-mənəvi dəyərlər və ümumbəşəri prinsiplərin vəhdəti idi. Bu ideya həm ölkə daxilində yaşayan azərbaycanlıların, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vahid milli məfkurə ətrafında birləşdirilməsinə yönəlmişdi.
Ulu Öndər deyirdi ki, “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır.” Bu baxımdan azərbaycançılıq dövlətçilik ənənələrinin qorunması, milli özünüdərkin gücləndirilməsi və tarixi yaddaşın yaşadılması istiqamətində mühüm ideoloji istiqamət idi.
1990-cı illərin ortalarından etibarən Azərbaycanda dövlət institutlarının və hüquq sisteminin formalaşdırılması istiqamətində də mühüm addımlar atıldı. Konstitusiyanın qəbulundan sonra məhkəmə sistemi, Konstitusiya Məhkəməsi, Ombudsman institutu və digər hüquqi təsisatların yaradılması dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsinin tərkib hissəsi oldu. Ölüm hökmünün ləğvi də həmin dövrün mühüm hüquqi-siyasi qərarlarından biri idi. Beləliklə, müstəqil Azərbaycanın dövlət quruculuğu yalnız siyasi hakimiyyətin formalaşdırılması ilə məhdudlaşmadı. Dövlətin hüquqi və institusional dayaqlarının yaradılması da bu prosesin mühüm istiqamətini təşkil etdi.
1993-cü ildən sonra Azərbaycanın xarici siyasətində əsas məqsədlərdən biri müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemində mövqelərin möhkəmləndirilməsi idi. Heydər Əliyevin xarici siyasət kursunda milli maraqların qorunması və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi mühüm yer tuturdu. Azərbaycanın regional enerji layihələrində iştirakı, nəqliyyat dəhlizlərinin inkişafı və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi ölkənin beynəlxalq əlaqələrinin genişlənməsinə şərait yaratdı.
Ən əsası, Ermənistan - Azərbaycan münaqişəsi, ölkəmizə qarşı həyata keçirilən soyqırım, etnik təmizləmə və işğal siyasətinin nəticələri ilə bağlı Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması xarici siyasətin əsas istiqamətlərindən biri oldu. Dünya işğalçı ilə işğala məruz qalan tərəflər haqqında daha əfraflı məlumatlandı. Təsadüfi deyil ki, Ulu Öndər bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.
Heydər Əliyevin dövlət idarəçiliyi, iqtisadi inkişaf, hüquqi dövlət quruculuğu, milli ideologiya və xarici siyasət sahəsində müəyyən etdiyi əsas istiqamətlər sonrakı mərhələlərdə də Azərbaycanın siyasi gündəmində mühüm yer tutdu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət Azərbaycanı qlobal miqyasda əsas aktora çevirib. Bu gün 1993-cü ildən başlayan dövrə nəzər saldıqda bir daha aydın olur ki, dövlət müstəqilliyinin qorunması siyasi qərarlarla yanaşı, həm də güclü lider faktorundan, institutların, hüquqi bazanın, iqtisadi dayaqların və milli həmrəyliyin formalaşdırılmasından keçir.
1993-cü ildən Ulu Öndər tərəfindən müstəqil Azərbaycanda strateji yolun müəyyən edilməsi
isə məhz bu baxımdan Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm siyasi tarixlərindən biridir. Bu gün müstəqil və qalib, ərazi bütövlüyü və suverenliyini bərpa etmiş ölkəmiz “məqsədimiz Azərbaycanı bir müstəqil dövlət kimi yaşatmaq, inkişaf etdirmək, dünya dövlətləri içərisində güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevirməkdir” söyləyən Ümummilli Liderin görmək istədiyi Azərbaycandır.
Ulu Öndərin də bəyan etdiyi kimi, Azərbaycan bir müstəqil dövlət olaraq öz taleyinin, öz torpaqlarının, öz hüquqlarının sahibidir”.