“3 Oktyabr Azərbaycan xalqının taleyində və müstəqil dövlətçilik tariximizdə xüsusi yer tutan əlamətdar günlərdən biridir. 1993-cü ilin bu günü Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı oldu”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, müstəqilliyimizin ilk illərində Azərbaycan olduqca mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyətlə üz-üzə idi:
”Ölkədə sabitliyin pozulması, idarəçilikdə yaranmış ciddi problemlər, iqtisadi böhran və dövlət müstəqilliyinə qarşı real təhdidlər Azərbaycanın gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaradırdı. Belə bir şəraitdə xalqın Ulu Öndər Heydər Əliyevə olan inamı və onun siyasi hakimiyyətə qayıdışı dövlətimizin taleyində həlledici dönüş yaratdı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ilk növbədə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi, dövlət idarəçiliyinin əsasları yenidən formalaşdırıldı. Bu dövrdə atılan ardıcıl və düşünülmüş addımlar Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik ənənələrinin inkişafı üçün möhkəm zəmin yaratdı.
Ulu Öndərin dövlətçilik siyasətinin mühüm nəticələrindən biri 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi oldu. Konstitusiya ölkəmizin hüquqi dövlət quruculuğunun əsaslarını müəyyənləşdirdi, insan hüquq və azadlıqlarını, hakimiyyət bölgüsü prinsipini və dövlət idarəçiliyinin fundamental prinsiplərini təsbit etdi.
İqtisadi sahədə də Heydər Əliyevin müəyyən etdiyi strateji kurs Azərbaycanın gələcək inkişafının əsasını təşkil etdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji siyasətində yeni mərhələ açdı. Sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələrin reallaşması ölkəmizin həm iqtisadi imkanlarını genişləndirdi, həm də regional əhəmiyyətini artırdı.
Ulu Öndərin dövlətçilik irsində azərbaycançılıq ideologiyası da xüsusi yer tutur. Milli kimliyimizi, dövlətçilik dəyərlərimizi və milli-mənəvi irsimizi birləşdirən bu ideya dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmlənməsində mühüm rol oynadı. Xarici siyasət sahəsində müəyyən edilən milli maraqlara əsaslanan və balanslı yanaşma Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməsinə imkan verdi. Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirdi, ölkəmizin milli maraqlarının və ərazi bütövlüyünün müdafiəsi istiqamətində mühüm diplomatik baza formalaşdı.
Bu gün Azərbaycanın əldə etdiyi böyük uğurların təməlində məhz Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası dayanır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs yeni dövrün çağırışlarına uyğun şəkildə ardıcıl və məqsədyönlü davam etdirilir. Güclü iqtisadiyyatın formalaşdırılması, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi, ordumuzun gücləndirilməsi və ərazi bütövlüyümüzün bərpası bu siyasətin mühüm nəticələrindəndir. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin siyasi irsi həm tariximizin şanlı səhifəsi, həmdə Azərbaycanın bu günü və gələcəyi üçün mühüm dövlətçilik məktəbidir. Onun “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” fikri bu gün də dövlətçilik düşüncəmizin əsas ifadələrindən biri olaraq öz əhəmiyyətini qoruyur.
3 Oktyabr xalqımızın öz siyasi iradəsini ortaya qoyduğu və Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirdiyi mühüm tarixi gündür. Bu əlamətdar tarix münasibətilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərini minnətdarlıqla anırıq.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi möhkəm dövlətçilik təməlləri üzərində Azərbaycan bundan sonra da inamla inkişaf edəcək, milli maraqlarını və dövlət müstəqilliyini daim qoruyacaq”.