Azərbaycanın kayakçısı və kanoeçisi Mustafa Vəlizadə yarışda qazandığı nəticələrdən danışıb.
SİA xəbər verir ki, idmançı bu barədə jurnalistlərə açıqlamasında bildirib ki, iki nəfərlik kayak-kanoe növündə 2011-ci il təvəllüdlülər arasında 1000 metr məsafədə gümüş medal qazanıb. O, bugünkü yarışda isə tək nəfərlik kayak-kanoe növündə 500 metr məsafədə qızıl, iki nəfərlik kayak-kanoe növündə isə gümüş medal əldə edib.
“Hazırlığımız normal keçmişdi. Yarışa görə kifayət qədər çətin və gərgin hazırlıq prosesi keçmişdik. Yarışa çox ciddi hazırlaşmışdıq, böyük əziyyət çəkmişdik. Buna baxmayaraq, əziyyətimizin nəticəsini gördük və medallarımızı qazandıq”, – deyə Mustafa Vəlizadə qeyd edib.
Kayakçı hava şəraitinin də yarışa müəyyən təsir göstərdiyini bildirib: “Dünən hava bir qədər küləkli idi və yarışın keçirilməsi daha çətin oldu. Bu gün isə hava sakit idi. Bu baxımdan bugünkü yarış bizim üçün daha əlverişli şəraitdə keçdi”.