Belçik-Azərbaycan Ticarət Palatasının Bakıda ofisi açılıb

1 Oktyabr 2026 17:52 (UTC+04:00)

Belçika-Azərbaycan Ticarət Palatası (BELGAZERCOM) Bakıda ofis açıb ki, bu da ikitərəfli işgüzar əlaqələrin inkişafında mühüm mərhələdir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə BELGAZERCOM-un sədri Stef Qoris sentyabrın 30-da Bakıda keçirilən üçüncü biznes missiyası çərçivəsində Trend-ə özəl müsahibəsində deyib.

"Bakıda ofis açmışıq və ona Rüfət Quliyev rəhbərlik edəcək. O həmçinin Belçikada biznes fəaliyyəti ilə maraqlanan Azərbaycan şirkətləri üçün əsas əlaqələndirici şəxs olacaq və onlara uyğun tərəfdaşlar tapmaqda kömək edəcək. O bu və əvvəlki missiyalar zamanı bunu çox səmərəli şəkildə həyata keçirib. Bizim üçün bu, Azərbaycan və Belçika arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm mərhələdir", - deyə o bildirib.

Qoris qeyd edib ki, Azərbaycan şirkətləri Belçikadan əldə edilə bilən yüksək texnologiyalı məhsullara maraq göstərə bilərlər.

"Biz bilirik ki, Azərbaycan hökuməti bərpa olunan enerjinin inkişafına fəal şəkildə çalışır. Avropaya isə bu enerji resursları lazım olacaq. Yeri gəlmişkən, Belçika şirkətləri artıq bu prosesdə iştirak edir. Onların arasında quruda külək turbinlərinin istehsalı üçün zəruri olan ağır yükqaldırma işləri ilə məşğul olan "Sarens Group" da var. Bu turbinlər elektrik enerjisi istehsal edəcək və həmin enerjinin Qara dənizdən keçən böyük kabel vasitəsilə Avropaya ötürülməsi planlaşdırılır. Biz bu təşəbbüsü alqışlayırıq", - deyə o bildirib.

Qorisin sözlərinə görə, Azərbaycan artıq İtaliyaya və Mərkəzi Avropa ölkələrinə qaz tədarükü də daxil olmaqla, Avropaya enerji resurslarının çatdırılmasında mühüm rol oynayır.

"Belçika bir qədər uzaqda yerləşsə də, hesab edirəm ki, gələcəkdə bərpa olunan enerji getdikcə daha böyük əhəmiyyət kəsb edəcək və bu da sözügedən sahəni bizim üçün xüsusilə maraqlı edir", - deyə o əlavə edib.

Cəmi 18 ay ərzində Azərbaycana üçüncü biznes missiyasının təşkilinə toxunan Qoris bildirib ki, palata gələn yaz ölkəyə yenidən səfər etməyi planlaşdırır.

"Bu dəfə dörd şirkət gətirmişik. Onlardan biri - "Move Intermodal nv" logistika şirkəti intermodal daşımalar, yəni dəmir yolu, avtomobil və dəniz nəqliyyatından istifadə sahəsində birgə müəssisə yaratmaq üçün konkret olaraq azərbaycanlı tərəfdaş axtarır. Şirkət öz məhsullarını İsveçin şimalından Bakıya vahid marşrut üzrə çatdırmaq istəyir. O, artıq İstanbulda analoji şirkət yaradıb", - BELGAZERCOM sədri deyib.

Onun sözlərinə görə, palatanın nümayəndələri mümkün əməkdaşlıq istiqamətlərini müzakirə etmək üçün Azərbaycanın bir neçə ən iri bankının və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri ilə də görüşlər keçiriblər.

Bu kontekstdə Qoris geosiyasi qeyri-müəyyənlik fonunda Orta Dəhlizin artan əhəmiyyətini vurğulayıb.

"Azərbaycan şimaldan cənuba və şərqdən qərbə uzanan marşrutların kəsişməsində yerləşir. Ukraynadakı müharibə, İran ətrafındakı vəziyyət, Hörmüz və Babül-Məndəb boğazlarının bağlanması, Süveyş kanalı ilə bağlı problemlər və Səudiyyə Ərəbistanında səhradan keçən boru kəmərinə hücumlarla əlaqədar dünyada mövcud olan problemlər fonunda hər kəs əhəmiyyəti getdikcə artan Orta Dəhlizə diqqət yetirir. Buna görə də biz Belçika şirkətlərimizin burada vaxtında təmsil olunmasını istəyirik", - deyə Qoris əlavə edib.

İkinci şirkət isə yüksək səviyyəli orijinal italyan mətbəxi üzrə ixtisaslaşan "Giuliano Group" olub.

"Biz "Bridge Group"un baş direktoru ilə görüşdük. Həmçinin "Sea Breeze" kurortunun təsisçisi Emin Ağalarovla görüşümüz oldu. "Sea Breeze"in miqyası bizim üçün əsl kəşf oldu. Layihə o qədər böyükdür və çoxsaylı istiqamətləri əhatə edir ki, hər kəs öz sahəsi üçün uyğun bir şey tapa bildi. Missiyamızın bütün iştirakçıları faydalı əlaqələr qurmağa və öz sektorlarında potensial imkanları müəyyənləşdirməyə nail oldular. Növbəti dəfə layihəni və onun potensialını daha ətraflı araşdırmaları üçün Flandriyadan daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkətləri gətirə bilərik", - deyə Qoris bildirib.

Onun sözlərinə görə, sonrakı əməkdaşlıq demək olar ki, dərhal başlayıb və qısa müddət ərzində missiyanın iştirakçıları ilə müzakirə olunan məsələlər üzrə əlaqə saxlanılıb.

"Bu, potensialının hələ də lazımi səviyyədə qiymətləndirilmədiyi və tam başa düşülmədiyi Avropadakı vəziyyətdən çox fərqlənir. Bu ölkədə insanların qısa müddətdə nə qədər səmərəli işləyə bilməsi məni çox təəccübləndirir. Hətta həftəsonu - şənbə və bazar günləri - çoxsaylı maraqlı görüşlərimiz oldu", - deyə o qeyd edib.

Qoris bildirib ki, nümayəndə heyətinin tərkibindəki üçüncü şirkət aşağıdan yuxarı suvarma sistemi ilə təbii ot örtükləri (qazon) istehsal edən "G&F Greentech" olub.

"Biz əməkdaşlığın mümkün istiqamətlərini müzakirə etmək üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) nümayəndələri ilə görüşdük", - deyə o bildirib.

Dördüncü şirkət isə videomeppinq üçün məzmunun hazırlanması və həyata keçirilməsi üzrə ixtisaslaşmış "Dirty Monitor" adlı kreativ studiya olub.

Gələcək biznes missiyalarından danışan Qoris bildirib ki, 2027-ci ilin aprelində keçirilməsi planlaşdırılan növbəti missiyada iştirak edə biləcək iki şirkət artıq müraciət edib.

"Sentyabr ayında biz həmçinin şirkətlərin maraqlarını təmsil edən Belçikanın ən böyük biznes təşkilatı olan "Voka Limburq" ilə Bakıya birgə tanışlıq missiyası təşkil etməyi planlaşdırırıq. Missiya çərçivəsində Azərbaycana çox sayda şirkət, o cümlədən Limburq əyalətinin aparıcı müəssisələri gələcək. Onlar Azərbaycan bazarı ilə tanış olacaq və işgüzar əməkdaşlığın inkişafı imkanlarını araşdıracaqlar", - deyə o əlavə edib.

Qoris qeyd edib ki, BELGAZERCOM Azərbaycanın istehlak bazarını daha yetkin hesab edir və yüksək səviyyəli mallara, eləcə də dəbdəbəli məhsullara tələbat 20 il əvvəlki vəziyyətlə müqayisədə artıb.

"Belçika şirkətlərinin istehsal etdiyi və potensial olaraq Azərbaycan bazarında təqdim oluna biləcək premium məhsullar var. Söhbət yalnız şokoladdan getmir: Belçikada pivə istehsalı da çox inkişaf edib - ölkədə çoxsaylı xüsusi növlər də daxil olmaqla, təxminən 2 500 marka pivə istehsal olunur", - deyə o bildirib.

Bundan əlavə, Qoris qeyd edib ki, Lyej hava limanı da Palatanın korporativ üzvü olub və xüsusilə yük hava daşımaları sahəsində Bakı ilə daha sıx əməkdaşlıq imkanlarını araşdırır.

"Mənim bildiyimə görə, Azərbaycanda əsasən yük daşımalarına yönəlmiş yeni hava limanı da tikilir. Buna görə də hesab edirəm ki, Lyej hava limanının onunla hava əlaqəsi yaradan ilk Avropa hava limanlarından biri olması faydalı olardı. Bu, Şərq və Qərb arasında yük qovşağının yaradılmasına töhfə verərdi", - deyə o bildirib.

Qorisin sözlərinə görə, əczaçılıq da əhəmiyyətli əməkdaşlıq potensialına malik digər sahədir.

"Belçika kimya və əczaçılıq sahəsində, o cümlədən "Janssen Pharmaceutica" kimi şirkətlərin fəaliyyəti sayəsində ciddi səriştələrə malikdir. Buna görə də Belçika və Azərbaycan şirkətlərinin bu sektorda necə əməkdaşlıq edə və imkanları inkişaf etdirə biləcəyini araşdırmalıyıq. Aydındır ki, görüləsi çox iş var və qarşıdakı aylarda nəyin üzərində çalışmalı olduğumuzu artıq bilirik", - deyə o yekunlaşdırıb.