"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"

1 Oktyabr 2026 17:26 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) 20-dən çox Avropa ölkəsinin nümayəndələrindən ibarət nümayəndə heyətini qəbul edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Prezidentin köməkçisi “X”də bildirib.

O qeyd edib ki, Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda prinsipləri əsasında inkişaf edir: “Son dövrdə yüksək səviyyəli təmaslar vasitəsilə siyasi dialoq intensivləşib, praktiki əməkdaşlıq isə əhəmiyyətli dinamika qazanıb.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və regional bağlantılılıqda, xüsusilə Orta Dəhliz vasitəsilə oynadığı strateji rol Aİ–Azərbaycan münasibətlərinin mühüm istiqamətlərindəndir. Eyni zamanda, əməkdaşlıq təmiz enerji, rəqəmsal transformasiya və innovasiya, eləcə də investisiyalar sahələrinə genişləndirilir.

Bu il təhlükəsizlik sahəsində dialoqumuzu Siyasi və Təhlükəsizlik Dialoqu formatına genişləndirmişik və yeni hərtərəfli ikitərəfli saziş, eləcə də yenilənmiş Tərəfdaşlıq Prioritetləri üzərində iş aparırıq.

İnkişaf edən ikitərəfli gündəm ortaq maraqları praktiki nəticələrə çevirmək üçün imkan yaradır”.