“Məktəb və bağça mövsümündə valideynlərin ən çox narahat olduğu məsələlərdən biri uşaqların tez-tez xəstələnməsidir. Çünki uşaq kollektivə daxil olduqda çox sayda insanla təmasda olur və təbii olaraq müxtəlif infeksiyalarla qarşılaşma ehtimalı artır”. Bu sözləri SİA-ya açıqlamasında pediatr Aytən Ziyadova deyib.
Onun sözlərinə görə, burada valideynlərə ilk tövsiyəmiz uşağın peyvənd təqviminə diqqət etməkdir:
“Yaşına uyğun peyvəndlərin vaxtında vurulması bir sıra yoluxucu xəstəliklərdən və xüsusilə onların ağır formalarından qorunmaq üçün çox vacibdir. İkinci mühüm məsələ gigiyenadır. Uşağa əllərini düzgün yumağı, çirkli əllərlə gözünə, burnuna və ağzına toxunmamağı öyrətmək lazımdır. Öskürərkən və asqırarkən ağız-burnunu dirsəyinin iç hissəsi ilə örtməsi də uşağa kiçik yaşlarından öyrədilməlidir.
Məktəb və bağçalarda otaqların mütəmadi havalandırılması da çox vacibdir. Xüsusilə payız-qış aylarında uşaqlar uzun müddət qapalı məkanda olduqları üçün respirator infeksiyaların yayılması daha asan baş verir. Valideynlərin diqqət etməli olduğu digər vacib məqam isə xəstə uşağı kollektivə göndərməməkdir. Əgər uşağın hərarəti varsa, özünü çox halsız hiss edirsə, qusma, ishal və ya kəskin respirator əlamətləri müşahidə olunursa, uşağın evdə qalması və vəziyyətinə uyğun olaraq həkim tərəfindən qiymətləndirilməsi daha doğrudur. Çünki xəstə uşağı məktəbə və ya bağçaya göndərməklə həm onun sağalma müddətini çətinləşdirə, həm də digər uşaqların yoluxma riskini artıra bilərik.
Valideynlər bəzən uşağın tez-tez xəstələnməsini “immuniteti çox zəifdir” kimi qiymətləndirirlər və müxtəlif vitaminlər, antibiotiklər, antiviral və ya immunitet gücləndirici preparatlar verməyə başlayırlar. Bu, düzgün yanaşma deyil. Xüsusilə antibiotiklər virus infeksiyalarına təsir etmir və həkim göstərişi olmadan istifadə edilməməlidir.
Uşağın immun sisteminin normal fəaliyyəti üçün kifayət qədər yuxu, balanslı qidalanma, fiziki aktivlik və ümumi sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması çox daha əhəmiyyətlidir.
Bir şeyi də vurğulamaq istəyirəm: bağçaya yeni başlayan uşağın müəyyən müddət ərzində daha tez-tez respirator infeksiyalar keçirməsi mümkündür və bu, hər zaman immun çatışmazlığı demək deyil. Yəni məqsədimiz uşağı bütün mikroblardan tamamilə təcrid etmək deyil. Əsas məqsəd düzgün profilaktika, peyvəndləmə, gigiyena qaydaları və xəstəlik zamanı düzgün davranışla həm öz uşağımızı, həm də kollektivdəki digər uşaqları qorumaqdır”.