"1993–2003-cü illərdə Azərbaycanda dövlət institutlarının hüquqi bazası formalaşdırıldı" - POLİTOLOQ

1 Oktyabr 2026 15:52 (UTC+04:00)

"1993-cü il oktyabrın 3-də Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanın son dərəcə mürəkkəb siyasi və hərbi şəraitdən keçdiyi dövrə təsadüf edirdi. Həmin mərhələdə ölkədə siyasi hakimiyyət böhranı, silahlı qarşıdurma və separatizm təhlükələri, Qarabağ müharibəsi və dövlət institutlarının zəifliyi müstəqil dövlətçiliyin dayanıqlığını ciddi sınaq qarşısında qoymuşdu".

Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, buna görə yeni siyasi rəhbərliyin qarşısında duran əsas vəzifələr hakimiyyət institutlarının işləkliyini təmin etmək, daxili sabitliyi bərpa etmək, vahid dövlət idarəçiliyi mexanizmini formalaşdırmaq və müstəqilliyin hüquqi-siyasi dayaqlarını möhkəmləndirmək idi. Sonrakı mərhələdə dövlət quruculuğunun hüquqi bazasının yaradılması istiqamətində ən mühüm addımlardan biri 1995-ci il Konstitusiyasının referendumla qəbul edilməsi oldu. Konstitusiya Azərbaycanı demokratik, hüquqi, dünyəvi və unitar respublika kimi təsbit etdi, hakimiyyət bölgüsünün, dövlət institutlarının və vətəndaş hüquq və azadlıqlarının konstitusion əsaslarını müəyyənləşdirdi:

"1993-2003-cü illər ərzində formalaşdırılan siyasi-hüquqi institutlar 2003-cü ildə hakimiyyətin növbəti mərhələyə keçməsinin də institusional çərçivəsini müəyyənləşdirdi. Konstitusiyanın qəbulundan sonra parlament, icra və məhkəmə hakimiyyətinin hüquqi statusu dəqiqləşdirildi, Konstitusiya Məhkəməsi yaradıldı, seçki və yerli özünüidarə institutlarının hüquqi bazası inkişaf etdirildi; 2002-ci ildə isə Konstitusiyaya referendum yolu ilə dəyişikliklər edildi. Bu baxımdan 2003-cü ildə baş verən siyasi keçidi yalnız lider dəyişikliyi kimi deyil, əvvəlki onillikdə qurulmuş dövlət institutları və konstitusion prosedurlar daxilində baş verən hakimiyyət transformasiyası kimi də təhlil etmək mümkündür. 1993-cü ildə əsas məsələ dövlətin siyasi sabitliyinin və idarəolunmasının təmin edilməsi idisə, 2003-cü ilə gəldikdə artıq fəaliyyət göstərən konstitusion sistem və dövlət institutları mövcud idi; növbəti siyasi mərhələnin hüquqi çərçivəsi də həmin sistem üzərində qurulmuşdu".