“Bu, Azərbaycan üçün daha böyük perspektiv açır” - ŞƏRH

1 Oktyabr 2026 13:53 (UTC+04:00)

“Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olması ilk növbədə Azərbaycanın müdafiə və təhlükəsizlik sənayesinə dövlət səviyyəsində verilən önəmin göstəricisidir. Amma burada daha maraqlı məqam başqadır: Azərbaycan artıq müdafiə sənayesi məhsullarının yalnız alıcısı kimi deyil, istehsalçı, ixracatçı və beynəlxalq hərbi-texniki əməkdaşlığın mühüm platformalarından biri kimi çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, ADEX-in ildən-ilə böyüməsi də təsadüfi deyil:

“Bakı bu gün dünyanın aparıcı müdafiə şirkətlərinin, istehsalçılarının və müxtəlif ölkələrin hərbi nümayəndə heyətlərinin görüşdüyü məkana çevrilib. Bu, Azərbaycanın siyasi çəkisinin, təhlükəsizlik sahəsində qazandığı təcrübənin və müdafiə sənayesi potensialının beynəlxalq maraq doğurduğunu göstərir.

Xüsusilə diqqətçəkən məqam Azərbaycanın öz müdafiə sənayesini yeni mərhələyə çıxarmasıdır. Müasir müharibələr göstərdi ki, təhlükəsizlik yalnız ordunun sayından və alınan silahın həcmindən asılı deyil. Texnologiya, pilotsuz sistemlər, elektron mübarizə, süni intellekt, çevik istehsal və yerli hərbi sənaye artıq strateji üstünlüyün əsas elementləridir. Azərbaycan da məhz bu istiqamətdə öz imkanlarını genişləndirir.

ADEX həm də iqtisadi layihədir. Müdafiə sənayesi yüksək texnologiya, yeni istehsal sahələri, ixtisaslı kadrlar və ixrac deməkdir. Xarici şirkətlərlə əməkdaşlığın sadəcə hazır məhsulun alınması ilə məhdudlaşmayaraq birgə istehsala və texnologiya mübadiləsinə yönəlməsi Azərbaycan üçün daha böyük perspektiv açır.

Bir sözlə, Bakıdakı sərgi sadəcə hərbi texnikanın nümayiş olunduğu vitrin deyil. Burada Azərbaycanın yeni müdafiə sənayesi ambisiyası görünür: öz təhlükəsizliyini özü təmin etmək, texnoloji asılılığı azaltmaq və regional səviyyədən beynəlxalq müdafiə bazarına doğru irəliləmək. Güclü ordu təhlükəsizliyin təminatıdırsa, güclü milli müdafiə sənayesi həmin təhlükəsizliyin uzunmüddətli təminatıdır”.