Nyu-York meri antisemitizmlə mübarizə planını açıqlayıb…

1 Oktyabr 2026 18:25 (UTC+04:00)

...Nyu-York şəhərinin meri Zöhran Məmdani çərşənbə axşamı Nyu-York şəhərində antisemitizm və yəhudilərə qarşı nifrət cinayətləri ilə mübarizə aparmaq üçün hərtərəfli bir plan təqdim edib.

SİA-nın əldə etdiyi məlumata görə, təşəbbüs, İsrailə qarşı davamlı tənqidinin antisemitizm təşkil etdiyinə inanan tənqidçilərinin narahatlıqlarını aradan qaldırmağı hədəfləyir.

Strategiyaya sinaqoq təhlükəsizliyi üçün maliyyələşdirmənin artırılması, dövlət məktəblərində yəhudi tarixinin öyrənilməsinə daha çox diqqət yetirilməsi və şəhər administrasiyasının gündəlik işində əhəmiyyətli yəhudi mədəni və dini yerlərinin təşviqi daxildir.

Məmdaninin sözlərinə görə, təşəbbüsün əsas məqsədi "indi və gələcəkdə antisemitizm bəlası ilə mübarizə aparmaqdır".

O qeyd edib ki, yəhudilər Nyu-York şəhəri əhalisinin təxminən 12 faizini təşkil edir, lakin şəhərdə bildirilən nifrət cinayətlərinin təxminən yarısının qurbanıdırlar.

...Bu, qəbuledilməzdir və hamımızın bunu dəyişdirmək məsuliyyəti var. Şəhər administrasiyası bu işdə aparıcı rol oynayacaq, - deyə mer videomüraciətində bildirib.

...Qeyd edək ki, demokrat və Nyu-York şəhərinin ilk müsəlman meri olan Məmdani uzun müddətdir Fələstin vətəndaş hüquqlarını dəstəkləyir və İsrail hökumətini Qəzzada soyqırım törətməkdə günahlandırıb. O, İsrailə qarşı tənqidinin antisemitizm təşkil etmədiyini bildirib. Onun rəqibləri isə öz növbəsində Məmdaninin münaqişə ilə bağlı sərt açıqlamalarının yəhudiləri şəhərdə özlərini daha az təhlükəsiz hiss etmələrinə səbəb olduğunu iddia edirlər. Çərşənbə axşamı açıqlanan plan, Mamdaninin antisemitizmlə mübarizə aparmaq üçün indiyə qədərki ən iddialı təşəbbüsüdür.

Mer "yəhudi Nyu-Yorkluların özlərini təhlükəsiz hiss etdikləri, onların varlığının və töhfələrinin tanındığı, dəyərləndirildiyi bir şəhər quracağına" söz verib.

Şəhər rəsmiləri nifrət cinayətlərinin qarşısını alan və qurbanlarını dəstəkləyən ictimai təşkilatlar üçün qrant maliyyələşdirməsini artırmaq niyyətindədirlər. Bundan əlavə, administrasiya ayrı-seçkilik şikayətlərini həll etmək və şəhərin İnsan Hüquqları Qanunu və şübhəli ayrı-seçkilik hallarının necə bildiriləcəyi barədə məlumatlandırma kampaniyaları aparmaq üçün dövlət məktəbləri ilə əməkdaşlıq edəcək.

Seçki kampaniyası zamanı tənqidlər...

...Keçən ilki seçki kampaniyası zamanı Məmdani "intifadanı qloballaşdırmaq" şüarını qınamaqdan imtina etdikdən sonra geniş tənqidlərlə üzləşdi. Tənqidçiləri bu ifadəni yəhudilərə qarşı zorakılığa çağırış hesab edirlər, baxmayaraq ki, Məmdani özü bundan istifadə etməyib.

Daha sonra o, başqalarını bu şüardan istifadə etməməyə çağıracağını bildirdi. Ötən ilin iyun ayında Məmdani uzun illər Nyu-York siyasətçiləri üçün mühüm hadisə hesab edilən İsraili dəstəkləyən illik yürüşdə iştirak etməmək qərarına görə də tənqidlərlə üzləşdi.

Onu da qeyd edək ki, ötən həftə İsrailin Baş naziri Benyamin Netanyahu BMT-dəki çıxışının bir hissəsini Məmdanini tənqid etməyə həsr edib. O, onu "İsrail haqqında yalanlar yaymaqda" günahlandırıb və onu "Nyu-Yorkun antisemit meri" adlandırıb.

Yeri gəlmişkən, Məmdani dəfələrlə İsrail baş nazirini Qəzzada müharibə cinayətlərində ittiham edən Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında Netanyahunun həbsinə çağırıb.

İsraildən tənqid...

...Nyu-Yorkdakı İsrail Baş Konsulu Ofir Akunis də Mamdanini kəskin tənqid edib. Sosial media səhifəsində o yazıb: "Pul prinsipləri ala bilməz. Yəhudi xalqının vətəni kimi tanımaqdan imtina etdiyiniz yəhudi dövlətinə qarşı ritorikanızın Nyu-Yorkda antisemitizmin artmasının əsas səbəbi olduğunu etiraf etməyincə, bu, daha da şiddətlənəcək." İsrail konsulu əlavə edib ki, antisemitizmə qarşı əsl mübarizə Beynəlxalq Holokost Xatirə Alyansının (İHRA) antisemitizm tərifini yenidən qəbul etməyi tələb edir.

Onun sözlərinə görə, Mamdani bu tərifi vəzifəyə başladığı ilk gündən administrasiyasının ilk qərarı kimi ləğv edib. Akunis həmçinin Nyu-York merini tərəfdarlarından "çaydan dənizə" və "intifadanı qloballaşdır" şüarlarından imtina etmələrini və onları "7 oktyabr qırğınını qınamağa və HƏMAS-ı dəstəkləmək əvəzinə terror təşkilatı elan etməyə" çağırmağa çağırıb.

İsrail diplomatı bildirib bunu.

Əli Babayev