Qütbləşmiş dünyada medianın üzərinə düşən məsuliyyət daha da artır -POLİTOLOQ DANIŞDI

1 Oktyabr 2026 15:34 (UTC+04:00)

“Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumunun keçirilməsi müasir beynəlxalq münasibətlər sistemində medianın rolunun artdığını göstərir.

Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Politoloq bildirib ki, bu, AQEM-in fəaliyyətində media sahəsinə həsr olunmuş ilk belə tədbirdir və forumun mövzusu təsadüfi seçilməyib:

“Son illərdə beynəlxalq münasibətlər sistemində dərinləşən ziddiyyətlər, müharibələr, geosiyasi qarşıdurmalar və informasiya müharibələri etimad problemini daha da aktuallaşdırıb. Belə bir şəraitdə beynəlxalq münasibətlərdə etimadın formalaşdırılması üçün media müstəvisində əməkdaşlığın gücləndirilməsinə ciddi ehtiyac var.

Bu gün informasiya dövriyyəsinin sürətlənməsi cəmiyyətlərin avtomatik olaraq daha düzgün və obyektiv məlumatlandırılması demək deyil. Əksinə, informasiya bolluğu dezinformasiya, manipulyasiya, saxta xəbərlər və məqsədyönlü təbliğatın yayılması üçün də geniş imkanlar yaradır. Müxtəlif siyasi və geosiyasi maraqların toqquşduğu bir vaxtda informasiya bəzən həqiqətləri çatdırmaqdan daha çox qarşıdurmanı dərinləşdirən vasitəyə çevrilə bilir”.

Turan Rzayev qeyd edib ki, Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətində medianın müasir beynəlxalq münasibətlərdə dəyişən rolu xüsusi vurğulanıb:

“Media artıq yalnız informasiya mübadiləsi vasitəsi kimi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi nəzərdən keçirilir. Bu baxımdan medianın üzərinə düşən məsuliyyət əvvəlki dövrlərlə müqayisədə xeyli artıb.

Peşəkar jurnalistika, faktların yoxlanılması, müxtəlif mövqelərin obyektiv təqdim edilməsi və informasiya məsuliyyəti artıq yalnız media etikasının tələbi deyil. Bunlar həm də beynəlxalq etimadın qorunmasının vacib şərtləridir. Etibarlı məlumat bütövlükdə informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir”.

Politoloqun sözlərinə görə, müharibələrin davam etdiyi, dövlətlər arasında siyasi münasibətlərin gərginləşdiyi və cəmiyyətlərin bir-birinə münasibətinin böyük ölçüdə informasiya vasitəsilə formalaşdığı indiki dövrdə medianın təsiri daha aydın görünür:

“Bir hadisənin necə təqdim olunması, hansı məlumatların ön plana çəkilməsi və hansı faktların diqqətdən kənarda saxlanılması ictimai rəyə birbaşa təsir göstərə bilir. Nəticədə informasiya mühiti dövlətlər və xalqlar arasında anlaşmanı gücləndirə də, mövcud ziddiyyətləri daha da dərinləşdirə də bilər.

Məhz buna görə media sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi vacibdir. Müxtəlif ölkələrin media nümayəndələrinin, kommunikasiya qurumlarının və müvafiq institutlarının bir araya gəlməsi həm təcrübə mübadiləsi, həm də informasiya problemlərinin müzakirəsi və ortaq yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətlidir”.

Turan Rzayev Azərbaycanın AQEM çərçivəsində media sahəsində belə bir platformanın formalaşdırılmasına töhfə verməsini də mühüm addım kimi qiymətləndirib:

“Qütbləşən dünyada dövlətlər arasında dialoqun qorunması, informasiya qarşıdurmasının məhdudlaşdırılması və qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün yeni əməkdaşlıq kanallarına ehtiyac var. Media bu prosesin kənarında dayana bilməz. Əksinə, beynəlxalq münasibətlərdə etimadın formalaşdırılmasının əsas iştirakçılarından biri olmalıdır”.

Politoloq süni intellekt texnologiyalarının inkişafının informasiya mühitində yeni çağırışlar yaratdığını da diqqətə çatdırıb:

“Dezinformasiyanın geniş yayılması, süni intellekt texnologiyalarından sui-istifadə etməklə saxta informasiya və materialların hazırlanması ictimai etimada birbaşa təsir göstərir. Süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülər, səslər və videoların həqiqətdən fərqləndirilməsi çətinləşir. Bu isə insanların yalnız yanlış məlumatla qarşılaşmasına deyil, bütövlükdə informasiya mənbələrinə olan etimadının azalmasına səbəb ola bilər.

Burada söhbət artıq ayrı-ayrı media qurumlarının reputasiyasından deyil, bütövlükdə informasiya mühitinin etibarlılığından gedir”.

Turan Rzayev vurğulayıb ki, sosial media və rəqəmsal platformaların informasiya məkanında rolunun sürətlə artması media subyektlərinin məsuliyyətini daha da yüksəldir:

“Sosial şəbəkələrdə yayılan məlumatlar bəzən milyonlarla insana peşəkar media qurumlarından daha sürətlə çatır. Lakin sürət heç də həmişə etibarlılıq demək deyil. Buna görə informasiya istehsal edən və yayan bütün platformaların məsuliyyəti, jurnalistikanın peşəkarlığı və faktların yoxlanılması məsələləri xüsusi əhəmiyyət daşıyır.

Bu baxımdan AQEM Media Forumunun keçirilməsi aktual məsələlərin müzakirəsi və media sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün mühüm platforma rolunu oynaya bilər”.