"Boşanmaların artmasında sosial və iqtisadi problemlər əsas amillərdən birinə çevrilib" - SOSİOLOQ

1 Oktyabr 2026 13:59 (UTC+04:00)

"Boşanmalarla bağlı son vaxtlar çox ciddi təsir edən faktorlar var. Bunun ən əsas amillərindən biri sosial və iqtisadi məsələlərdir. Belə ki, cütlüklər evlənirlər, amma maliyyə imkanları ailənin təminatlarını ödəmək üçün kifayət etmir. İş yerləri olmur, iş tapa bilmirlər. Gənclər böyük ümidlərlə ailə qururlar, lakin bəzən iş yerlərini itirirlər, mənzil ala bilmirlər". Bu sözləri SİA-ya açıqlamasında Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Ilqar Hüseynli deyib.

Onun sözlərinə görə, mənzil təminatı mümkünsüzə çevrilir: "Müəyyən müddət kirayə evlərdə yaşayırlar və maliyyə-iqtisadi durumları o qədər çətinləşir ki, artıq bu vəziyyət də normal yaşamaq üçün imkan yaratmır. Beləliklə, narazılıqlar yaranır, ailələr arasında bu məsələlər müzakirəyə çıxır və nəticə etibarilə boşanmalara gətirib çıxarır.

Digər məsələ qarşılıqlı etibar və inamdır. Bu məsələ də gənclər arasında çox ciddi problemə çevrilib. Sosial şəbəkələr üzərindən qısa müddətdə tanışlıqların baş verməsi və bu tanışlıqların sürətlə evliliklə nəticələnməsi, nəticə etibarilə, boşanmaların artmasına gətirib çıxara bilir. Sevgi və qarşılıqlı etibar üzərində qurulmayan, tərəflərin bir-birini kifayət qədər tanımadığı ailələrdə insanlar bəzən sadəcə evlənmək xatirinə ailə qururlar.

Bəzi hallarda isə narkotik asılılığı olan gənclərlə bağlı problemlər sonradan üzə çıxır. Məsələn, gənc kişinin narkotik asılısı olduğu və ya narkotik istifadəsi nəticəsində müəyyən xəstəliklərin daşıyıcısı olduğu ailə qurulduqdan sonra məlum olur. Bəzən qadınların və qızların müəyyən genetik xəstəlikləri də gizlədilir. Tutaq ki, epilepsiya, kardioloji problemlər və digər daimi simptomlarla müşayiət olunan xəstəlikləri olan gənclər bu barədə qarşı tərəfə məlumat vermirlər. Evlilikdən sonra belə problemlər üzə çıxdıqda isə bu vəziyyət ailədaxili ciddi narazılıqlara və nəticədə boşanmalara gətirib çıxara bilir".