"Azərbaycan İranla münasibətlərin qorunmasına xüsusi əhəmiyyət verir" - ŞƏRH EDİLDİ

1 Oktyabr 2026 12:50 (UTC+04:00)

"Azərbaycan dövləti qonşu İranla münasibətlərə xüsusi əhəmiyyət verir. Xüsusilə İranın hazırda üzləşdiyi çətin vəziyyət fonunda Azərbaycan mehriban qonşuluq prinsiplərindən çıxış edərək münasibətlərin qorunmasına və mümkün dəstəyin göstərilməsinə çalışır".

Bunu SİA-ya açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.

Media eksperti sözlərinə belə davam edib: "Beynəlxalq səviyyədə müxtəlif təzyiqlərin olmasına baxmayaraq, Azərbaycanın İranla münasibətlərə xələl gətirə biləcək addımlardan çəkinməsi və qonşuluq əlaqələrini yüksək səviyyədə saxlamağa çalışması diqqət çəkir.

Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri də bu kontekstdə qiymətləndirilə bilər. Azərbaycan tərəfi regionda müharibənin mümkün qədər tez başa çatmasını, sülhün bərqərar olmasını və dinc yanaşı yaşamaq üçün şəraitin formalaşmasını arzulayır. Bu baxımdan Azərbaycan qonşu ölkəyə imkanları daxilində dəstək göstərməyə çalışır.

Hesab edirəm ki, Azərbaycan-İran münasibətlərinin inkişafı hər iki ölkənin maraqlarına cavab verir. Bununla belə, İranda müəyyən qüvvələrin Azərbaycanla münasibətlərin gərginləşdirilməsinə yönəlmiş ritorikası müşahidə olunur. Xüsusilə anti-Azərbaycan xarakterli fikirlərin və təbliğatın səsləndirilməsi münasibətlərə mənfi təsir göstərə bilər.

Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri həm də qarşılıqlı münasibətlərdə dialoqun və mehriban qonşuluq prinsiplərinin vacibliyinə verilən mesaj kimi qiymətləndirilə bilər. Azərbaycan-İran münasibətlərində qarşılıqlı hörmətə əsaslanan yanaşmanın, dinc qonşuluq və əməkdaşlıq mühitinin qorunması hər iki tərəf üçün əhəmiyyətlidir".