"Dağ-mədən və metallurgiya sahələri yeni məşğulluq imkanları yaradacaq" - ŞƏRH EDİLDİ

1 Oktyabr 2026 12:44 (UTC+04:00)

"Dağ-mədən və metallurgiya sahəsində həyata keçirilən islahatlar və bu istiqamətdə dövlət proqramlarının qəbul olunması, ilk növbədə, qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Dövlət siyasətinin əsas istiqamətlərindən biri yeni iş yerlərinin yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi və Azərbaycanın ixrac imkanlarının genişləndirilməsidir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, bu baxımdan dağ-mədən və metallurgiya sahələrinin inkişafının yeni məşğulluq imkanları yaradacağı gözlənilir:

"Nəzərə almaq lazımdır ki, sözügedən ərazilər Azərbaycanın qərb bölgəsində yerləşir və uzun müddət işğal altında olub. Bu səbəbdən ilk növbədə həmin ərazilərin bərpası, sosial və sənaye infrastrukturunun yenidən qurulması vacibdir. Sənaye infrastrukturunun özünəməxsus tələbləri var və bu istiqamətdə işlər mərhələli şəkildə həyata keçirilməlidir.

Azərbaycanın son illərdə əldə etdiyi mühüm təcrübələrdən biri də öz imkanlarına və potensialına əsaslanaraq inkişaf prosesini həyata keçirməsidir. Bununla yanaşı, xarici investorların maliyyə imkanlarından da istifadə oluna və bu sahələrə xarici kapitalın cəlbi təmin edilə bilər. Eyni zamanda yerli biznesin də dağ-mədən, metallurgiya və digər sənaye sahələrinə marağının artırılması vacibdir.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda iqtisadi inkişaf üçün müxtəlif istiqamətlərin paralel şəkildə inkişaf etdirilməsi mümkündür. Sənaye ilə yanaşı, turizm potensialının da reallaşdırılması diqqətdə saxlanılmalıdır. Xüsusilə Kəlbəcər və digər ərazilərin təbii ehtiyatları, mineral və termal suları, kurort imkanları turizmin inkişafı üçün əlverişli şərait yarada bilər. Bu istiqamətlərin bir-biri ilə əlaqələndirilməsi regionların kompleks inkişafına imkan verə bilər.

Burada yerli biznesin fəal iştirakı da mühüm əhəmiyyət daşıyır. Ərazilərin iqtisadi potensialının araşdırılması, mövcud imkanların təhlil edilməsi və nəticələrin biznes dairələrinə təqdim olunması vacibdir. Bu, yerli sahibkarların hansı istiqamətlərə investisiya edə biləcəklərini daha aydın müəyyənləşdirməsinə, eyni zamanda xarici tərəfdaş və investorların cəlb edilməsinə şərait yarada bilər. Beləliklə, açıq qapılar siyasətinin iqtisadi müstəvidə də özünü göstərməsi mümkündür.

İşğaldan azad edilmiş ərazilərdə sənayeləşmə ilə yanaşı, mədəniyyət, idman və humanitar sahələrin inkişafı üçün də müvafiq təməlin yaradılması vacibdir. Bu proses həm regionların sosial həyatının canlandırılmasına, həm də onların iqtisadi və turizm potensialının daha geniş şəkildə reallaşdırılmasına xidmət edə bilər.

Dağ-mədən və metallurgiya sahələrinin inkişafı Azərbaycanın neft-qaz sektorundan əlavə, ağır sənayenin iqtisadiyyatda çəkisinin artırılması baxımından da əhəmiyyətlidir. Bu sahələrin inkişafı qeyri-neft sektorunun şaxələndirilməsinə, yeni istehsal imkanlarının və məşğulluq yerlərinin yaradılmasına, eləcə də ölkənin ixrac potensialının genişləndirilməsinə töhfə verə bilər".