Uşaqları internetdəki təhlükəli çağırışlardan necə qoruyaq? - PSİXOLOQ DANIŞDI

1 Oktyabr 2026 12:13 (UTC+04:00)

"Onlayn oyunların mənfi təsirləri və onların uşaqların həyatındakı rolu ilə bağlı artıq illərdir müsahibələr verirəm və hesab edirəm ki, bu məsələ getdikcə daha ciddi xarakter alır. Evdə və məktəbdə nəzarətsiz qalan uşaqların belə oyunlara daha çox meyil göstərdiyini müşahidə edirik. Təəssüf ki, uşaqlar yaxşı ilə pisi hər zaman ayıra bilmədikləri üçün uzun müddət onlayn oyunlara vaxt ayırır, sosiallaşmadan uzaqlaşır və tədricən özlərinə qapanırlar".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, bu isə onların müxtəlif mənfi təsirlərə məruz qalmasını asanlaşdıra bilər:

"Uşaqların psixoloji və fərdi xüsusiyyətləri də burada mühüm rol oynayır. Əqli inkişaf səviyyəsi, xarakteri və iradəsi fərqli olan uşaqların təsir altına düşmə ehtimalı da eyni deyil. Xüsusilə öz davranışlarını idarə etməkdə çətinlik çəkən uşaqların müxtəlif təsirlərə daha həssas olduğu müşahidə olunur. Nəticədə onların davranışlarında dəyişikliklər yarana, ailə daxilində münasibətlərdə problemlər meydana çıxa bilər.

Bəzən uşaqlar valideynləri ilə telefon və oyunlara görə mübahisə edir, telefon əllərindən alındıqda aqressiv reaksiya göstərir, evdə davamlı narahatlıq və konfliktlər yaradırlar. Bu hallar zaman keçdikcə uşağın davranışında ciddi problemlərin formalaşmasına səbəb ola bilər.

Düşünürəm ki, bu məsələnin həlli üçün ilk növbədə valideyn nəzarəti gücləndirilməli, eyni zamanda cəmiyyət olaraq uşaqların onlayn mühitdə təhlükəsizliyinə daha ciddi yanaşmalıyıq. Valideynlər, məktəb və cəmiyyət birlikdə uşaqların oyunlara sərf etdiyi vaxtı və onların hansı məzmunda oyunlardan istifadə etdiyini nəzarətdə saxlamalıdırlar".