Az şagirdli məktəblərin bağlanması: keyfiyyət artımı, yoxsa kənd uşaqları üçün maneə? - TƏHSİL EKSPERTİ

1 Oktyabr 2026 12:07 (UTC+04:00)

"Artıq bilirik ki, məktəblərin optimallaşdırılması ilə bağlı təxminən 40-a yaxın məktəb optimallaşdırılıb və daha böyük məktəblərə birləşdirilib. Əlbəttə, şagird sayı az olan məktəblər var və adambaşına maliyyələşmə sisteminə keçidlə əlaqədar həmin məktəblər müəyyən çətinliklərlə üzləşə bilərlər".

Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, bu baxımdan düşünürəm ki, kiçik məktəblərin yaxınlıqda yerləşən daha böyük məktəblərə birləşdirilməsi müəyyən fayda verə bilər. Çünki şagirdlər darısqal və uyğun olmayan sinif otaqlarında deyil, daha geniş, işıqlı və yaxşı təchiz olunmuş məktəblərdə təhsil almaq imkanı əldə edəcəklər:

"Digər tərəfdən, daşınması çətin olan, daha ucqar ərazilərdə yerləşən məktəblərlə bağlı da müəyyən alternativ həllər tətbiq oluna bilər. Belə məktəblərdə az tədris olunan fənlərin onlayn formada keçirilməsi nəzərdə tutulur. Məsələn, məktəbin ətrafında və yaxınlığında daha böyük məktəb yoxdursa və şagirdlərin başqa məktəbə daşınması problem yaradırsa, sinif otaqlarında internet təmin edilməklə müəyyən fənlərin mərkəzləşdirilmiş qaydada onlayn tədrisi təşkil edilə bilər.

Məsələn, fizika, kimya, biologiya və ya riyaziyyat fənlərini kənd məktəbində müəyyən hazırlıq səviyyəsinə malik müəllim tədris edə bilər. Digər tərəfdən isə həmin fənlər üzrə daha yüksək bilik və bacarığa malik müəllimin onlayn şəkildə dərs keçməsi şagirdlər üçün əlavə imkan yarada bilər.

Əlbəttə, məktəblərin bağlanması, xüsusilə də kənddə yeganə məktəbin fəaliyyətinin dayandırılması arzuolunan və ürəkaçan hal deyil. Lakin müəyyən hallarda bu prosesin qarşısını almaq mümkün olmadıqda, alternativ tədris üsullarından istifadə vəziyyətdən çıxış yolu kimi nəzərdən keçirilə bilər. Əsas məqsəd şagirdlərin təhsildən kənarda qalmamasını və keyfiyyətli təhsil almaq imkanlarının qorunmasını təmin etməkdir".