"Azərbaycanda beynəlxalq idman tədbirlərinin keçirilməsi idmanın inkişafına töhfə verir" - DEPUTAT DANIŞDI

1 Oktyabr 2026 11:57 (UTC+04:00)

"Ölkəmizdə idman sahəsinə dövlət tərəfindən böyük diqqət ayrılır. Prezident İlham Əliyev idmanın inkişafını daim diqqətdə saxlayır və bu sahəyə göstərilən dövlət dəstəyi Azərbaycanda idman infrastrukturunun və gənclər arasında idmana marağın inkişafına mühüm imkanlar yaradır".

Bu sözləri SİA-ya açıqlamasında milli məclisin deputatı Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, ölkəmizdə hər il bir sıra beynəlxalq və dünya miqyaslı idman tədbirləri keçirilir. Bu tədbirlər yalnız idmanın təbliği baxımından deyil, Azərbaycanın idmana verdiyi dəstəyin beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi baxımından da əhəmiyyətlidir. Eyni zamanda, gənclərin idmana marağının artırılması və onların idmana cəlb edilməsi istiqamətində müxtəlif dövlət proqramları həyata keçirilir:

"Azərbaycanda futbolun inkişafı baxımından beynəlxalq turnirlərin keçirilməsi də gənclər üçün mühüm stimul və imkan yaradır. Belə tədbirlər gənclərə öz bacarıqlarını sınamaq, dünya futbolunun tanınmış oyunçularını canlı izləmək və beynəlxalq idman mühitini yaxından tanımaq imkanı verir.

Prezident İlham Əliyevin FIFA rəhbəri ilə görüşü də Azərbaycanın beynəlxalq idman təşkilatları ilə əməkdaşlığının göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Son illərdə ölkə rəhbərinin müxtəlif beynəlxalq idman federasiyalarının rəhbərləri ilə görüşləri Azərbaycanın idman sahəsində beynəlxalq əlaqələrinin genişləndirilməsinə diqqət yetirildiyini göstərir.

Futbol dünyada ən populyar idman növlərindən biridir və Azərbaycanda da bu idman növünə böyük maraq var. Bu baxımdan beynəlxalq futbol yarışlarının ölkəmizdə keçirilməsi həm gənclər, həm də futbol azarkeşləri üçün mühüm imkan yaradır.

Belə tədbirlər Azərbaycanın beynəlxalq səviyyədə tanıdılması baxımından da əhəmiyyətlidir. Yarışlar zamanı dünyanın müxtəlif ölkələrindən gələn idmançılar, azarkeşlər və media nümayəndələri Azərbaycan haqqında daha geniş məlumat əldə etmək imkanı qazanırlar. Bu isə ölkəmizin mədəniyyətinin, tarixinin, mətbəxinin və turizm imkanlarının beynəlxalq auditoriyaya təqdim edilməsi üçün əlavə imkan yaradır".