“Yeni Dövlət Qulluğu Məcəlləsinin hazırlanması və müzakirəsi dövlət qulluğu sisteminin müasir tələblərə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc deyib.
Deputat bildirib ki, Vətən müharibəsində əldə olunan Qələbədən sonra Konstitusiyanın ölkənin bütün coğrafiyasında həyata keçirilməsi və qarşıda duran mühüm vəzifələrin icrası dövlət qulluğu siyasətinə də yeni yanaşmaları zəruri edir:
“Zəfərdən sonra Azərbaycanda yeni institut – nümayəndəlik təsisatının formalaşması göstərir ki, yeni dövlət qulluğu siyasəti ölkə başçısı tərəfindən daha genişmiqyaslı səviyyədə həyata keçirilməyə başlayıb.
2000-ci ildə qəbul olunan qanun fərqli bir dövrün, Azərbaycanın işğala və hakimiyyət çevrilişi cəhdlərinə məruz qaldığı tarixi şəraitin məhsulu idi. Həmin qanunun Rusiyanın 1990-cı illərdə formalaşdırdığı məcəllədən götürüldüyü nəzərə alınmalıdır. Halbuki Rusiya federativ konstitusiya quruluşuna, çoxpilləli təsnifat sisteminə və vəzifələrin qarışıq səviyyələrinə malikdir. Azərbaycan isə unitar dövlətdir. Buna görə də ölkəmizin dövlət qulluğu sistemi milli tələblərə, peşəkar kadrların qorunmasına və yüksəlişinə, eləcə də onların sosial təminatına yönəlməlidir”.
Z.Orucun sözlərinə görə, 2025-ci ilin sonunda Azərbaycanda dövlət qulluqçularının sayı 27,3 min nəfər təşkil edib. Onların 44,2 faizinin 7-ci təsnifat üzrə inzibati vəzifələrdə çalışdığını deyən deputat yardımçı vəzifələrin payının isə 23,2 faiz olduğunu qeyd edib.
“Dövlət qulluğunda 15 il və daha çox xidmət etmiş şəxslərin payı cəmi 27,4 faizdir. Yəni söhbət təxminən 7,5 min təcrübəli dövlət qulluqçusundan gedir. Uzun müddət dövlət qulluğunda çalışan şəxslər bir neçə struktur və rəhbərlik dəyişikliyini, davamlı qanunvericilik islahatlarını, dövlətçiliyimiz üçün mühüm sınaqları keçiblər.
Dövlət illər ərzində bir kadrın hazırlanmasına və onun təcrübə toplamasına vəsait və zaman sərf edir. “Yüksəliş” müsabiqəsinin məqsədi də kadr bankı yaratmaqdır. Buna görə dövlət qulluğunda kadr sabitliyi idarəetmənin ən vacib tələblərindən biridir. Nazir, komitə sədri, agentlik rəhbəri müəyyən zaman ərzində dəyişə bilər. Struktur və institusional islahatlar da normal prosesdir. Lakin dövlət qulluqçusunun taleyi sahə qurumuna gələn birinci şəxsin subyektiv iradəsindən asılı olmamalıdır. Əks halda dövlətçilik məktəbi yaratmaq əvəzinə, rəhbərlikdən-rəhbərliyə dəyişən komandalar sistemi meydana çıxacaq”, - deyə deputat vurğulayıb.
Z.Oruc dövlət qulluğuna qəbul məsələsinin də xüsusi əhəmiyyət daşıdığını bildirib.
“95 bal toplayan namizədin müsahibədə fikrini ifadə edə bilməməsi nümunəsi əks arqument kimi göstərilir. 2025-ci ilin nəticələrinə görə, DİM-in üç əsas seçim xətti üzrə 4 065 vakansiya olub, 15 743 qeydiyyat aparılıb, 7 350 nəfər faktiki iştirak edib, 2 920 uğurlu nəticə qeydə alınıb və 2 054 təyinat baş tutub.
Müsabiqə mərhələsində bir vakansiyaya orta hesabla 7,11 qeydiyyat düşdüyü halda, təyinatların boş yerlərə nisbəti cəmi 46,8 faiz olub. İllərlə ehtiyat siyahıda işə qəbulu gözləyənlər olduğu halda 2 800-dən çox vakant yerin qalması diqqətçəkən məsələdir. Yəqin ki, həmin yerlər müqaviləli işçilərlə tutulur.
Halbuki imtahanın və müsahibənin məqsədi mümkün qədər çox insanı kənarda saxlamaq olmamalıdır. Təkrar qiymətləndirmə əvvəlki nəticələri, sonrakı əmək təcrübəsini, əlavə təhsili və peşəkar inkişafı nəzərə alan daha çevik mexanizmlə qurularsa, yeni Məcəllə həm xalqımızın, həm də dövlət qulluqçusu olmağa çalışan insanların xeyrinə işləyər”.
Deputat yeni layihədə nəzərdə tutulan dəyişikliklərə də toxunub:
“Yeni layihəyə görə, təyin edilməmiş uğurlu namizəd beş yox, iki il ehtiyat kadr kimi saxlanılır və həmin müddətdə analoji vakansiya yarandıqda təyin edilə bilər. Layihədə test imtahanlarının rübdə ən azı bir dəfə keçirilməsi də nəzərdə tutulur.
Təklif var ki, daha balanslı yanaşma tətbiq olunsun. Sertifikatın ümumi qüvvədə olma müddətinin üç il müəyyənləşdirilməsi və sadələşdirilmiş yenilənmə testi verməklə vakansiya tapa bilməyən şəxslər üçün müəyyən keçid güzəştinin verilməsi faydalı olar. Çünki məqsəd peşəkarlığı qorumaqdırsa, dövlət qulluğuna namizədi eyni imtahana qaytarmaq bürokratik və maddi yükdür”.
Z.Oruc atestasiya ilə daimi imtahan rejiminin bir-birindən fərqli anlayışlar olduğunu da diqqətə çatdırıb:
“Dövlət qulluqçusu il ərzində bir neçə dəfə müxtəlif yoxlama, daxili imtahan və qiymətləndirməyə cəlb olunursa, onun vaxtının və enerjisinin nə qədər hissəsinin əsas işinə qaldığını da ölçmək lazımdır”.
Deputatın sözlərinə görə, digər fundamental məsələlərdən biri vahid vəzifə sisteminin yaradılmasıdır.
“Unitar dövlətin qulluğunda eyni dəyərdə iş müxtəlif qurumlarda tamamilə fərqli karyera statusuna malik olmamalıdır. “Məsləhətçi”, “aparıcı məsləhətçi”, “böyük məsləhətçi”, “baş məsləhətçi” pillələrinin məsuliyyət və səlahiyyət səviyyəsi bir-birindən xüsusi fərqlənmir. Əvəzində titulların sayı çoxalsa da, səlahiyyətlər böyümür, olduğu kimi qalır. Bütün dövlət orqanlarını əhatə edən vahid vəzifə təsnifatına ehtiyac var”.
Z.Oruc əməkhaqqı və karyera məsələlərinin də bir-biri ilə əlaqəli olduğunu bildirib:
“2025-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 2 059 manat olub və əvvəlki illə müqayisədə 4,5 faiz artıb. Yeni Məcəllədə qulluq stajının əməkhaqqı pillələri ilə daha sistemli əlaqələndirilməsi diqqətəlayiq dəyişiklikdir.
Lakin dövlət yüksək ixtisaslı hüquqşünas, iqtisadçı, data analitiki, mühəndis və İT mütəxəssisi uğrunda özəl sektorla rəqabət aparmaq istəyirsə, dövlət qulluğunun daha yüksək maddi təminata malik olması vacib şərtdir”.
Deputat sonda dövlət qulluqçularının cəmiyyətdəki rolunun əhəmiyyətini vurğulayıb:
“On minlərlə insan ləyaqətlə xalqımıza xidmət edir, gündəlik əsasda dövlət siyasətini peşəkar şəkildə həyata keçirir, vətəndaşların hüquqi mənafelərini qoruyur. Dövlət qulluqçusunun nüfuzunu daim yüksək tutaraq ondan keyfiyyətli xidmət tələb etmək mümkündür. Qalib dövlətin qulluqçusu olmaq da cəmiyyətdə şərəfli və rəqabətli vəzifəyə çevrilməlidir”.