“Ərzaq və ət qiymətlərində artım inflyasiyanın üzərində olmamalıdır“ -EKSPERT DANIŞDI

1 Oktyabr 2026 11:31 (UTC+04:00)

“Ərzaq qiymətləri və mal ətinin qiymətinin bahalaşması bazarda müəyyən dinamika ilə artır. Sahibkar qiyməti birdən-birə 3-5 manat qaldırmır”.

Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib.

Onun sözlərinə görə, xüsusilə bayram günləri ərəfəsində ət məhsullarının qiymətində artım müşahidə olunur:

“Yeni il bayramında 50 qəpik və ya 1 manat, Novruz, Ramazan, Qurban bayramı və digər bayramların ard-arda gəldiyi aylarda xüsusilə ətin qiyməti artır.

Ərzaq məhsullarında isə vəziyyət fərqlidir. Məhsulun qiyməti ətin qiymətinə nisbətən daha aşağı olduğu üçün artım mütəmadi olaraq kiçik rəqəmlərlə baş verir. Məsələn, bu həftə 10 qəpik, növbəti həftə isə 15-20 qəpik və s. qiymət artımı müşahidə olunur”.

Ekspert makaronun qiymətindəki dəyişiklikləri də nümunə göstərib:

“Ərzaq məhsullarından makaronun 500 qramı ən ucuz halda 19 qəpiyə təklif olunurdu. Artıq həmin məhsul 1 manatdan yuxarı qiymətə təklif olunur.

Əslində qiymət artımı ölkədə inflyasiyanın səviyyəsi və gəlirlərə əsasən tarazlanmalıdır. Sahibkar tərəfindən həyata keçirilən qiymət artımı da müəyyən qədər başa düşüləndir. Çünki biz idxaldan asılıyıq və 100 faiz özümüzü təmin etmirik. Qlobal iqtisadiyyatda baş verən qiymət artımları daxili bazarda qiymətlərə də təsir göstərir”.

G.Hüseynova qeyd edib ki, idxal olunan məhsulların qiymət dinamikasını müvafiq dövlət qurumlarının açıqladığı statistik məlumatlardan izləmək mümkündür:

“İdxal olunan istənilən məhsul üzrə Gömrük Komitəsinin və ya Dövlət Statistika Komitəsinin saytında qiymət artımını görmək mümkündür. Lakin burada əsas məsələ odur ki, bu artım inflyasiyanın üzərində olmamalıdır.

Artmayan gəlirlər qarşısında qiymət artımı əhali üçün maliyyə yükü yaradır. Digər tərəfdən, əhali gəlirlərinin böyük əksəriyyətini, hətta 50 faizdən çoxunu ərzaq məhsullarının alınmasına xərcləyir”.

İqtisadçı ət məhsullarının qiymət dinamikasına da toxunaraq bildirib ki, qiymətlərin tənzimlənməsində idxal amili mühüm rol oynayır.

“Ət məhsulu və onun qiymət artımına gəldikdə isə idxal hesabına qiymətlər tənzimlənir. Yeni mexanizmin tətbiq olunması qısa müddətli olaraq hətta qiymətlərin artmasına səbəb olacaq.

Böyük və kiçik təsərrüfatlar üçün maliyyə xərcləri də müxtəlifdir. Erkən kəsimin qarşısının alınması qısa müddətli dövrdə qiymətləri yüksəldəcək. Daha sonrakı mərhələdə isə subsidiya və dövlət dəstəyi hesabına qiymətlərin tənzimlənməsi mümkün ola bilər”.