“44 günlük müharibə xalqın uzun illər gözlədiyi arzuların gerçəkləşməsinin başlanğıcı oldu” - Çingiz Qənizadə

1 Oktyabr 2026 10:19 (UTC+04:00)

“44 günlük müharibə Azərbaycan xalqının uzun illər ərzində gözlədiyi arzuların gerçəkləşməsinin başlanğıcı oldu. İşğal dövründə Azərbaycan xalqı həm torpaqlarını itirmiş bir ölkənin vətəndaşları kimi, həm də fərdi səviyyədə böyük mənəvi və fiziki çətinliklərlə üzləşirdi”.

Bu sözləri Milli Məclisin deputatı Çingiz Qənizadə SİA-ya açıqlamasında deyib.

O bildirib ki, işğal nəticəsində bir milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi onların sosial təminatının həyata keçirilməsini dövlət qarşısında uzun illər ciddi məsuliyyət kimi qoyub.

Deputat qeyd edib ki, Azərbaycan xalqı bu vəziyyəti təxminən 30 il yaşayıb: “2020-ci il sentyabrın 27-də 44 günlük müharibə başlayanda Azərbaycan xalqında böyük həmrəylik və qələbə əzmi formalaşdı. Xalqın Ordu və Ali Baş Komandan ətrafında birləşməsi cəbhədə döyüşən hərbçilər üçün də mühüm mənəvi dayaq oldu. Əsgər və zabitlər arxalarında xalqın və dövlətin dəstəyinin olduğunu görərək mübarizəni davam etdirdilər”.

Ç.Qənizadə vurğulayıb ki, 44 günlük müharibə nəticəsində Azərbaycanın bir sıra əraziləri işğaldan azad edildi. Onun sözlərinə görə, həmin mərhələdə ölkənin bütün ərazisində suveren nəzarət hələ tam təmin olunmamışdı və separatçı rejimin mövcudluğu təhlükəsizlik məsələsini gündəmdə saxlayırdı.

Deputat bildirib ki, 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində suverenliyi tam bərpa edildi: “Bununla da ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətində mühüm mərhələ başa çatdı”.

O əlavə edib ki, 44 günlük müharibədə əldə olunan qələbə Azərbaycan xalqının milli qürur və ləyaqət hissinin bərpası baxımından da əhəmiyyətlidir. Onun sözlərinə görə, bu qələbə Azərbaycan dövlətinin öz ərazilərinə tam nəzarətinin təmin olunması ilə nəticələnib.

“Bu tarixi qələbənin əldə olunmasında iştirak edən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, generallarına və Ali Baş Komandana təşəkkürümü bildirirəm. Arzu edirəm ki, Azərbaycan bundan sonra da müstəqil və təhlükəsiz şəkildə inkişaf etsin, xalqımız bir daha müharibə ilə üz-üzə qalmasın”, - deyə Ç.Qənizadə qeyd edib.